Azərbaycan Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir. SİA-nın xəbərinə görə, bu barədə məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədi komitə üzvü Rəfael Cəbrayılov təqdim edib. O bildirib ki, layihəyə əsasən Konstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair çıxardığı qərarların icrasının mümkünlüyünün müəyyənləşdirilməsi ilə bağlı yeni səlahiyyət verilir. Layihə Konstitusiyanın 130-cu maddəsinə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) istinadən hazırlanıb: "Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra insan hüquq və azadlıqlarının prioritetliyini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul etdi. Ancaq bu gün dünyada ikili standartlar hüquq müstəvisinə gəlib çıxır. Buna görə də düşündük ki, Konstitusiya Məhkəməsinə yuxarıda qeyd olunan səlahiyyətin verilməsi zəruridir".
Millət vəkili bu təcrübənin bir sıra dövlətlərdə olduğunu dilə gətirib: "Layihə ilk günlərdə mətbuatda yanlış təqdim olundu. Bildirildi ki, guya Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edir. Lakin bu fikir tamamilə yanlışdır. Biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina etmirik, sadəcə ikili standartlara qarşı hüquqi imkanlarımızı rəsmiləşdiririk. Qanuna edilən əlavə qəbul olunarsa, hansısa təşkilat haqqımızda qərar çıxaranda, onun icrasının mümkün olub-olmamasını nəzərdən keçirmək üçün Konstitusiya Məhkəməsi səlahiyyət əldə etmiş olacaq".
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Fəzil Ağamalı, Çingiz Qənizadə və digərləri layihəni yüksək qiymətləndiriblər.
Sonda layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB