"Hər bir türk insanı həqiqətləri dünyaya çatdırmaq üçün səylərini artırmalıdır" DEPUTAT
Milli Məclisin deputatı Qənirə Paşayeva Eskişehirdə Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı konfrans keçirib. SİA-nın məlumatına görə, Eskişehir Azərbaycanlılar Dərnəyinin Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə ilk öncə Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib.
Qənirə Paşayeva dövlət və ictimaiyyət xadimləri, QHT və KİV təmsilçiləri, müəllim və tələbələr qarşısında çıxış edərək Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayıb: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik və mən onları sizinlə də paylaşacam. Qoy gənclərimiz həqiqətləri daha geniş bilsinlər. O səbəbdən də bunu biz özümüz etməliyik".
Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır".
Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. Qondarma erməni soyqırımı iddialarının yalan olması barədə faktlarla geniş çıxış edən Qənirə Paşayeva erməni diaspor, lobbisi və Ermənistanın bu yalanlarla bütün dünyada Türkiyə və türk millətinin əleyhinə apardığı kampaniyadan, bəzi güclərin və dövlətlərin isə öz maraqları üçün bu məsələdən necə istifadə etməsi barədə geniş bilgilər verib.
O deyib ki, qondarma "erməni soyqırımı"na qarşı mübarizə də harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanının vəzifəsidir. Q.Paşayeva türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir", – deyən Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib.
Tədbirdə Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Məmmədov, İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi dərnəyinin rəhbəri Asif Qurban da çıxış edərək Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə geniş məlumatlar verərək gəncləri ortaq tariximizə daha çox sahib çıxmağa və həqiqətlərimizi bütün dünyada daha geniş yaymaq işində fəallığı artırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB