PA rəsmisi: "Xocalı soyqırımı haqda beynəlxalq məhkəmələrə müraciətlə bağlı müvafiq tədbirlər görülüb"

PA rəsmisi: "Xocalı soyqırımı haqda beynəlxalq məhkəmələrə müraciətlə bağlı müvafiq tədbirlər görülüb"

"Xocalı soyqırımı haqda beynəlxalq məhkəmələrə müraciət edilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülüb". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda ictimai müzakirə zamanı Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzkar Ermənistan tərəfindən ödənilməsi məsələsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

Ç.Əsgərovun sözlərinə görə, Azərbaycan İnsan hüquqları ilə bağlı konvensiyaya tərəfdar çıxdıqdan dərhal sonra vətəndaşların Avropa Məhkəməsinə müraciət etməsinin imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyən edilib: "Qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki mülki hüququn pozulması, hətta şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrıseçkilik məsələsi qaldırılıb. Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq, erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüf ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir".

PA rəsmisi deyib ki, hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Avropa Məhkəməsinə müraciət edərək, Avropa Konvensiyasının və əlavə protokolun on bir maddəsində nəzərdə tutulan müddəalara görə, hüquqlarının pozulmasını ifadə ediblər: "Buna baxmayaraq, Avropa Məhkəməsi həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib. Bu da həmin qurumun qeyri-obyektivliyini bir daha göstərir. Azərbaycan hökuməti bununla bağlı Avropa Məhkəməsi rəhbərliyinə müraciət edib, amma hələ indiyə kimi bir cavab alınmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə