"Yeni Müsavat"dan "Azadlıq"ın "reportajına" SƏRT MÜNASİBƏT

Azər Ayxan: ““Azadlıq”ın reportyorluq işi, qəzetçiliyi sıfırın altındadır”
"Yeni Müsavat"dan "Azadlıq"ın "reportajına" SƏRT MÜNASİBƏT

""Yeni Müsavat" qəzetində illər öncə yayımlanan bir reportajın bu gün Azadlıq qəzetində özününküləşdirilərək yerləşdirilməsinin əsas məqsədi hökümətin əleyhinə olan sosial narazılığı göstərməkdir". Bu fikirləri SİA-ya adıçəkilən qəzetin baş redkatorunun müavini Azər Ayxan çalışdığı mətbu orqanda 6 il öncə dərc edilmiş reportajın ötən gün "Azadlıq" qəzetində "Yeni Müsavat"a istinad edilmədən və özünküləşdirilərək işıq üzü görməsinə münasibətini bildirərkən deyib.

"Nəticə etibarı ilə də ortaya bu cür problemlər çıxır"

Qəzet rəsmisi bildirib ki, 2010-cu ilin yayında dərc olunmuş yazının 2016-cı ilin qışında təkrarən, plagiat şəklində verilməsinin özü ciddi səhvdir: "Bunlar fikir vermirlər ki, bu reportajı 2010-cu ilin avqust ayında "Yeni Müsavat" qəzetinin əməkdaşı hazırlayıb. Həmin əməkdaşın öz şəkli də orada yer alıb. Yay paltarında olan şəkilləri bu gün vermək həmin qəzetin reportyorluq işinin, qəzetçiliyinin sıfırın altında olmasından xəbər verir. Nəticə etibarı ilə də ortaya bu cür problemlər çıxır".

"AXCP-nin və Əli Kərimlinin döyüş vərəqəsi tipində çıxan bir qəzet olduğu üçün orada nə yaradıcı, nə də araşdırma mühiti yoxdur"

""Azadlıq" ancaq sifarişli tezislər əsasında, hazır materiallar əsasında işini qurur"-deyə qeyd edən Azər Ayxan həmçinin vurğulayıb ki, qarşı tərəf bununla öz qeyri-peşəkarlığını sərgiləmiş olub: "Görün, nə qədər peşəkarlıqdan uzaqdırlar ki, sosial şəbəkədə kiminsə paylaşdığı yazını götürüb öz adlarından verirlər. Araşdırmadan, baxmadan, dəqiqləşdirmədən kiminsə yazısını verməyi doğru hesab etmirəm. "Azadlıq" qəzetində iş prinsipi görün nə qədər aşağıdır ki, belə bir məqamla rastlaşmalı oluruq. AXCP-nin və Əli Kərimlinin döyüş vərəqəsi tipində çıxan bir qəzet olduğu üçün orada nə yaradıcı, nə də araşdırma mühiti yoxdur. Ona görə də ortaya belə biabırçı nəticələr çıxır".

Qeyd edək ki, "Yeni Müsavat" qəzeti sözügedən məsələ ilə bağlı "Azadlıq" qəzetinin rəhbərliyinə bununla bağlı izahat verilməsini istəsə də, qarşı tərəf məlumatı "xural.com" saytından götürdüklərini və həmin saytda "Yeni Müsavat"a istinadın edilməməsini bildirib və bununla səhfini etiraf etməkdən yayınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə