YAP Xətai rayon təşkilatında qadın deputatlarla görüş keçirilib YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında hakim Partiya tərəfindən Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər şəxslər iştirak edir.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, ölkəmizdə qadınlarla bağlı bir sıra problemlərin hələ də qalır: "Cənub zonasında erkən nikahlar gənc qızlarımızın həyatını zəhərləyir, millət vəkilləri gənc qızlarla iş aparmalıdır. Avropasayağı davranmaq, avropasayağı geyinmək bizə o qədər də xas hal deyil. Yüksək səviyyədə davranmaq, geyinmək olar, amma bu səviyyənin təməlində mənəvi dəyərlərimiz olmalıdır. Kişi ilə qadını eyniləşdirmək olmaz. Mən heç vaxt istəməzdim ki, Azərbaycan kişisi mətbəxdə xörək bişirsin, paltar ütüləsin. Bizim mentalitetimizdə kişiyə böyük hörmət var. Qadınla kişi necə bərabər ola bilər? Kişilər həmişə evdə ən böyük hörmət sahibi olublar".
Onun sözlərinə görə, bu gün ailələrin dağılmasında, münaqişələrin yaranmasında, gənclərin öz yolundan çıxmasında sosial şəbəkələrin rolu var: "Biz öz balalarımızı sosial şəbəkələrin bu təsirindən qorumalıyıq. Çalışmalıyıq ki, onlar sosial şəbəkələrdən yalnız bəhrələnə bilsinlər. Bununla bağlı orta məktəblərdə iş aparılmalıdır. Bu gün qızlarımızın geyimində həddindən artıq açıq-saçıqlıq, həddindən artıq sərbəst davranmaq yolverilməzdir. Bizim qızlarımız abır-həya mücəssəməsi olmalıdır".
Milli Məclisin sədr müavini Bahar Muradova ilk olaraq qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik edib. Sədr müavini qeyd edib ki, bu il Azərbaycanda keçirilən parlament seçkilərindən həm ölkəmiz, həm də mövcud siyasi iqtidar növbəti dəfə uğurla çıxdı: "Beləcə çoxluğa mandatı Yeni Azərbaycan Partiyası qazandı. Hesab edirəm ki, bu böyük nailiyyət, uğur olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Biz bu müddət ərzində Respublikanın bütün ərazilərində olduq. YAP-ın fəalları və onların içərisində də olan qadın fəalları demək olar ki, özlərinin tutduğu vəzifəyə, imkanlarına, səlahiyyət və qabiliyyətlərinə uyğun olaraq bu seçki kampaniyasında çox böyük uğurla iştirak etdilər və YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin bizim qarşımıza qoyduğu vəzifələri yerinə yetirdilər. Təbii ki, bu vəzifələrin yerinə yetirilməsi də YAP qarşısına yeni bir uğur sözünü yazdı".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadınların çiyninə çöx böyük zəhmət, məsuliyyət düşür: "Biz ailədə atanın və ananın nüfuzunun bərabər olmasını istəsək də, bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olur. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa iş görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. O problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil atasına, anasına iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər".
Tədbirə diskussiya şəklində yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB