İsrail TANAP layihəsinə qoşula bilər? AÇIQLAMA

İsrail TANAP layihəsinə qoşula bilər? AÇIQLAMA

"İsrailin TANAP layihəsinə qoşulması Azərbaycana əlavə dividentlər gətirə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İsrailin "Transanadolu Qaz Kəməri" (TANAP) layihəsinə qoşulma istəyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bir neçə il öncə İsrailin böyük qaz yataqlarına malik olması ilə bağlı xəbər Avropada qaz istehlakçıları tərəfindən pozitiv qarşılandı. Çünki yeni bir qaz mənbəyi yaranmışdı: "İsrailin infrastruktur baxımdan həmin qazı Avropaya çatdırması ilə bağlı müxtəlif danışıqlar aparılır. Əsas üsullardan biri sıxılmış qazın tankerlərlə daşınmasıdır ki, İsrail bu istiqamətdə çox ciddi addımlar atır və müəyyən infrastruktur qurmağa çalışır. İkinci yol olaraq isə bu qazı Türkiyə üzərindən öncə TANAP sonra isə "Trans-Adriatik Qaz kəməri" (TAP) layihəsinə qoşularaq Avropaya çatdırılması nəzərdə tutulur".

Ekspert layihənin gerçəkləşməsində həm texniki, həm də siyasi maneələrin olduğunu bildirib: "Texniki maneələr boru xətlərinin Aralıq dənizinin dibindən Türkiyəyə aparılmasında yaranıb. Bu, həm böyük xərc tələb edən, həm də texniki cəhətdən çox çətin layihədir. Digər tərəfdən isə Türkiyə və İsrail arasındakı gərgin münasibətlərin olması belə bir layihənin hər iki ölkə tərəfindən qəbul edilməsinə çətinlik yaradır. Azərbaycan TANAP layihəsində 57 faizlik paya sahibdir. Təbii ki, Azərbaycanın da iştirak etdiyi layihə olaraq İsrailin bu təklifi bir niyyət kimi çox yaxşıdır. Hətta bu Azərbaycana əlavə dividentlər də gətirə bilər. Lakin texniki və siyasi məsələlər həll olunmadan belə bir böyük layihənin yaxın gələcəkdə reallaşacağına olan inamı azaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə