Şeyx mətbuat xidmətindən asılı qalıb?

Şeyx mətbuat xidmətindən asılı qalıb?

Son günlər Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri Nardaranda baş verən hadisələrdir. Təbii ki, Naradaran hadisələri, xüsusilə də qəsəbədə kök salmış ekstremist qüvvələrin terrorçuluğa meyilli hərəkətləri bu gün və dünənin problemi deyil. Bu problem uzun illərin yığılıb qalmış nöqsanların nəticəsidir desək, yanılmarıq.

Çoxsaylı suallar yaranır: bu problemlərin mövcudluğundan Qafqaz Müsəlmanları İdarəsi məlumatlı olubmu? Məlumatlı olubsa, o zaman niyə vaxtında tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət etməyib? Məlumatsız olubsa bu halda yenə sual yaranır. Onda bu qurum nə işlə məşğuldur? Necə ola bilər ki, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xasayurd şəhərində bir məsciddə axundun seçilməsində yaranan anlaşılmazlıqla bağlı QMİ bəyanatla çıxış edir, Gürcüstan Respublikasında müsəlman dini icmasının rəhbərliyinə Gürcüstan dövlətinin (2014-cü ilin may ayına qədər bu təyinatları QMİ həyata keçirib) təyinat həyata keçirməsinə QMİ təşviş və narahatlıqla bəyanatlar səsləndirir, amma Nardaran hadisələrinin yaranma səbəbləri ilə bağlı məlumatlı olsa da, hər hansı bir tədbir görülməsi təşəbbüsü ilə çıxış etməyib. Nardaran hadisələrinin təşkilatçılarının xarici dairələrin maraqlarına uyğun sifarişli hərəkətlərinə ictimai etirazlar səsləndiyi məqamda QMİ də məcburi eyni mövqe nümayiş etdirməklə sıradan geri qalmadıqlarını göstərməyə çalışdı. Bu, bir qədər süni ab-hava yaratmaqla, daldan atılan daş topuğa dəyər məsəlinə bənzədi. QMİ İsmayıllıda yaşayan vahabi təriqətinin üzvü Taleh Bağırzadəni Nardaran məscidinin dini icmasının rəhbəri təyin etməklə təbii yanaşmalardan uzaq olduğunu nümayiş etdirib. Eləcə də, Nardaran pirinə nəzir qutuları qoyub ora yığılan pulların müəyyən hissəsinin ektremist qüvvələrin yaratdığı "Müsəlman Birliyi Hərəkatı"nın maliyyə imkanlarının bir qədər artmasına yardımçı olduğunu başa düşüb tədbirlər görərkən cəmiyyət də onların səmimi olduqlarını başa düşərdilər. Amma nələr baş verdi?

Artıq baş verənlər barədə bütün ölkə vətəndaşları məlumatlıdır. Dövlətə, millətə bağlı olan hər kəs Nardaran hadisələrinin təşkilatçılarını və icraçılarını kəskin şəkildə tənqid və ittiham edir. Təbii ki, QMİ-ni baş verən hadisələrə görə qınaq obyektinə çevirənlərin sayı da kifayət qədərdir. Demək olmaz ki, QMİ-də ancaq başı əmmaməli mollalar çalışır. Orada həqiqətən də kifayət qədər savadlı, Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun ola biləcək dini modelinin yaradılmasında və inkişafında bilik, bacarığını əsirgəməyən alimlərimiz, dini şəxslər var. Hansı ki, bu şəxslər gözlənilən təhlükələrin qarşısını ala bilərdilər. Görünür, onlar da rəhbərlikdən təlimat gözləyiblər. Əgər dindarlar müstəqil deyillərsə, yuxarıdan hansısa təlimata uyğun hərəkət edirlərsə, buna sadəcə təəssüflənmək olar.

QMİ-nin mətbuat xidməti ənənəvi ampulasında...

Hər zaman olduğu kimi, Nardaran hadisələri zamanı da KİV-lər ictimai rəyi informasiya ilə təmin etmək üçün bütün imkanlardan istifadə etdi. Hadisələrin dolğun və qərəzsiz işıqlandırılması üçün fəaliyyət göstərən bir sıra media orqanları bununla bağlı ölkənin tanınmış ictimai-siyasi xadimlərindən, millət vəkillərindən, eləcə də ilahiyyatçılardan mövqelər öyrəniblər. Söz yox ki, belə bir məsələdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) əsas mövqe bildirən qurum kimi daha çox diqqət mərkəzində olmalı idi. Amma hər nə qədər münasibətlərə aydınlıq gətirilməsinə səy göstərilsə də, qurumun mətbuat xidməti "çayın qabağını kəsən əjdaha" rolunda çıxış edib. QMİ-nin rəhbər şəxsləri ilə əlaqə saxlayıb Nardarandakı radikal dini qurupların ektremist hərəkətlərinə, əməllərinə münasibət öyrənmək problemə çevrilmişdi. Səbəb kimi də onu göstəriblər ki, baş verən hadisələrlə bağlı açıqlamanı yalnız mətbuat xidmətinin icazəsi ilə verə bilərlər.

Terror hadisələrinin dünyada geniş vüsət aldığı bir zamanda, "Müsəlman Birliyi Hərəkatı" kimi terror təşkilatlarının nümayəndələri Azərbaycana ayaq aça bilirsə, insanların beynini öz istədikləri formada doldurursa demək ki, burada ölkənin və Qafqazın əsas dini qurumu – QMİ-də müəyyən boşluqlar var. Ümid edirik ki, qısa vaxt ərzində bu boşluqlar öz həllini tapacaq...

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə