Elman Məmmədov: “Nardaranı münbit şərait kimi seçənlərin kökü kəsiləcək" AÇIQLAMA

Elman Məmmədov: “Nardaranı münbit şərait kimi seçənlərin kökü kəsiləcək" AÇIQLAMA

"Biz birmənalı olaraq bir məqama çox diqqətlə yanaşmalıyıq və onu heç bir əlavəsiz, qeyri-şərtsiz qəbul etməliyik. İstər Nardaranda, istərsə də Azərbaycanın hər hansı bir irili-xırdalı yaşayış məntəqəsində olsun, əgər kimsə qanunu pozursa cəzasını da almalıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, onun hansı sahədə (dini, elmi və s.) qanunu pozmasından asılı olmayaraq, həmin şəxs mütləq şəkildə cəzalanmalıdır: "Nardarandakı məlum hadisələr də dünən və bu günün məsələsi deyil. Orada baş verən hadisələr 90-cı illərin əvvəllərindən kök salmış bir dini radikalizm, ektremizmdir. Bunlar dövlət qanunlarına qarşı itaətsizliyə, dövlət qanunlarını pozmağa, ölkənin qanunlarına əməl etməməyə, din pərdəsi altında özlərinin dövlətə qarşı olan mövqelərini ortaya qoymağa meyllidirlər. Hələ dövlət onlara qarşı bu tədbirləri görməkdə bir qədər gecikdi. Bu tədbirlər çoxdan aparılmalı idi".

E. Məmmədov əlavə edib ki, aparılan tədbirlər yarımçıq dayanmamalı, sona çatdırılmalıdır: "Orada dövlət əleyhinə çıxan, terrorizmə, ekstremizmə, dini radikalizmə meyl edən axırıncı kim varsa, onların hamısı tapılaraq layiqli cəzalarını almalıdır. Burada heç bir güzəşt, tərəddüdə yol verilməməlidir. Onlara sual olunmalıdır ki, axı sizlər bu silahları, istifadə etdiyiniz narkotikanı haradan almısınız, hansı pulla dolanırsınız? Təbii ki, istintaq bunun hamısını müəyyən edəcək və görülən tədbirlər nəticəsini verəcək. Cəza tədbirləri bütün Nardaran camaatına şamil olunmur. Bu gün Nardaranı özünə münbit şərait üçün yer seçmiş qruplar, fəaliyyət göstərən müəyyən insanlar var. Təbii ki, orada bunların kökü kəsilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə