"Nardaranda baş verən məlum hadisələr gənclik olaraq bizi də çox narahat etdi. Biz bunu qəti şəkildə pisləyirik". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf radikal ekstremistlər tərəfindən gənclərdən bir alət kimi istifadə olunmasına münasibət bildirərkən deyib.
AGAT sədrinin sözlərinə görə, bir qrup radikal ekstremist düşüncəli insanların din pərdəsi adı altında etdikləri hərəkətlər həqiqətən də biz gənclər tərəfindən çox pis qarşılanır: "Mən bu cahil, qanın tökülməsinə bais olan insanları yalnız terrorist adlandıra bilərəm. Hətta bu cür radikal qruplaşmanın heç Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində belə rəsmi qeydiyyatı yoxdur. "Müsəlman Birliyi Hərəkat"ı adı altında bəzən onlar həyat təcrübəsi olmayan yeniyətmə gənclərdən istifadə edərək özlərinin məkrli siyasətlərini həyata keçirilər. Təbii ki, bu da heç cürə qəbul olunmur. Mən Azərbaycan gəncliyini daha ağıllı, intellektual olmağa səsləyirəm. Heç şübhəsiz ki, aramızda olan cahil gəncləri də biz maarifləndirməliyik. Hətta ətrafımızda olan 3-5 gəncə fikrimizi bildirib, bu hadisələrin bizim cəmiyyət üçün nə qədər təhlükəli olduğunu aşılamalıyıq".
N.Xələf gənclərimizə müraciət edərək bunları deyib: "Gənclərimizdən xahiş edirəm ki, onlar bu məsələlərə qətiyyən laqeyd qalmasınlar. Çünki bunu etmək istəyən radikal ekstremist qüvvələr xaricdən qaynaqlanırlar. Həmin o xarici qüvvələr görməli və anlamalıdırlar ki, heç bir zaman Yaxın Şərqdə etdiklərini Azərbaycanda edə bilməzlər. Çünki bu xalq özünün müstəqilliyini qanı, canı bahasına əldə edib. Buna hər hansı şəkildə xələl gətirmək mümkün olmayacaq. Təbii ki, bu da bizlərin öz Prezidentimizin ətrafında sıx birləşməsi ilə ola bilər. Gənclik ayıq-sayıq olmalıdır və ətrafımızda olan digər gəncləri də maarifləndirməlidir. Bu cür radikal qruplaşmalar isə birmənalı şəkildə cəzalandırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB