Seymur Orucov: “Gənclik radikal dini qruplaşmalara yox deyir" AÇIQLAMA

Seymur Orucov: “Gənclik radikal dini qruplaşmalara yox deyir" AÇIQLAMA

"Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə edəndən sonra hüquqi dövlət quruculuğu, vətəndaş-dövlət münasibətləri, dini zəmində tolerantlıq məsələlərinə xüsusi diqqət yetirir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, güclü dövlətin əsas parametrlərindən birini vətəndaşın dövlətdən razılığında görən Azərbaycan dövləti ölkə vətəndaşının rahat yaşaması üçün bütün imkanlarını səfərbər etməkdədir: "Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət din münasibətlərində də, yeni yanaşmanın əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Ümumilli Lider Heydər Əliyevin müəllifi olduğu, dövlətimizin əsas qanunlar toplusu olan konstitusiyamızda da vurğulandığı kimi Azərbaycan dünyəvi dövlətdir. Dövlət-din münasibətləri çərçivəsində qoyulan təməl ölkə başçısı cənab İlham Əliyevin daim diqqətindədir. Son illər ərzində ölkəmizdə dini sahədə aparılan islahatlar, yeni ibadət məkanları və məscidlərin tikilməsi dövlətimizin aparmış olduğu humanist siyasətin göstəricisidir. Dünyada baş verən hadisələrə nəzər salsaq orada fərqli tendensiyaların şahidi olacağıq. Belə ki, bütün dünyada cərəyan edən islamafobiya, başqa millətlərə və dinlərə qarşı olan aqressiya özünü açıq şəkildə göstərməkdədir".

S.Orucov bildirib ki, dünyadakı insanlar bu səbəbdən müxtəlif problemlərlə, ayrı-seçkiliklərlə üzləşirlər: "Bu gün Azərbaycandakı mühitlə dünyadakı vəziyyəti müqayisə edəndə fərqli bir mənzərə yaranmış olur. Bir tərəfdən kifayət qədər müstəqillik yaşı olan amma, buna baxmayaraq hələ də müxtəlif ayrı-seçkiliklərin mövcud olduğu, insan hüquqlarının pozulduğu "inkişaf etmiş" Qərb dövlətləri, digər tərəfdən müstəqillik yaşı bir o qədər də çox olmayan lakin, bütün məsələlərdə normalar sistemi yaratmış tolerant Azərbaycan dövləti. Dini və dünyəvi dəyərlər ölkəmizdə kifayət qədər qorunur. Amma, radikallıq ümumiyyətlə qəbuledilməzdir. Son vaxtlar onun da şahidi oluruq ki, bəzi qüvvələrin təsiri altına düşmüş insanlar din amilindən siyasi provokasiya kimi istifadə etməyə çalışırlar. Təbii ki, Azərbaycan gəncliyi bu çağırışların mahiyyətini yaxşı başa düşdüyündən onlara yox deyir".

O əlavə edib ki, dövlətimizin aparmış olduğu siyasətin mərkəzində dayanan ölkə gəncliyi daim bu siyasətə sadiq qalmaqla öz mövqeyini ortaya qoymuş olur: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq biz də müxtəlif istiqamətli layihələr, maarifləndirici seminar və tədbirlər təşkil etməklə dövlət siyasətinə dəstək verməyə çalışırıq. Gənclər arasında dini maarifləndirmə işinin təşkili baxımından YAP Gənclər Birliyi bir sıra layihələr həyata keçirib. Bunlar sırasında YAP Gənclər Birliyi və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin birgə təşkil etdiyi "Ənənəvi islam dəyərləri və müasirlik" adlı konfransı, YAP Gənclər Birliyinin "Monolit Plaza" otelində dini maarifləndirmə ilə bağlı seminarını və digərlərini qeyd etmək olar. Yaxın müddət ərzində region gəncləri ilə görüşmək məqsədi ilə ölkəmizin bir neçə regionuna səfər edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə