Ekspert: “Ermənistan Rusiyanın bir nömrəli müttəffiqidir" AÇIQLAMA

"Rusiya prezidenti Vladimir Putin Kollektiv təhlükəsizliyin Qafqaz regionunda Rusiya Federasiyası və Ermənistan arasında birləşmiş regional HƏM (Hava əleyhinə müdafiə) sisteminin yaradılmasına dair razılaşmanın imzalanmasına dair göstəriş verməsi iki ölkə arasında olan münasibətlərdən xəbər verir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Müstəqil hərbi ekspertin sözlərinə görə, unutmamalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir: "Həmsədr ölkənin bu addımı heç də regionda yaxşı ab-hava yaratmır. Əgər Ermənistan Rusiyanın əli altında özünü müstəqil sayırsa, bütün var-yoxunu rəsmi Moskvaya həvvalə edibsə, öz sərhədlərini, hava məkanını qoruya bilmirsə belə dövlətin olmasındansa olmamağı daha yaxşıdır. Amma nə etmək olar ki, bu gün Rusiya Cənubi Qafqazda yeganə güvəndiyi Ermənistanla birləşmiş regional HƏM (Hava əleyhinə müdafiə) sistemini yaradır".

Ü.Cəfərov əlavə edib ki, Rusiyanın bu addımı Ermənistandan daha çox Gümrü şəhərində olan iki bazanın təhlükəsizlik məsələsidir: "Təbii ki, bu bizi qətiyyən narahat etməməlidir. Rusiya ilə Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), o cümlədən ikitərəfli razılaşmalar çərçivəsində münasibətlər bir-birinə bağlayır. Ermənistan bölgədə Rusiyanın bir nömrəli müttəffiqidir. Gürcüstan və Azərbaycanla bağlı isə heç bir reallıq ortada yoxdur. Təbii ki, Azərbaycan da buna öz münasibətini bildirməli və Rusiyanın bu addımını onun həmsədrlik missiyası ilə heç də uyğun olmadığını qeyd etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə