MDHP üzvü: "Seçkilər şəffaf və demokratik şəraitdə keçirildi"

MDHP üzvü: "Seçkilər şəffaf və demokratik şəraitdə keçirildi"

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) namizədi kimi 9 saylı Binəqədi II seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Ələkbərov Həbib Müzəffər oğlu bəyanat verib. SİA həmin bəyanatı olduğu kimi sizə təqdim edir:

"1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə mən də ölkəmizin nüfuzlu siyasi partiyalarından biri olan Milli Dirçəliş Hərəkatı Partiyasının 9 saylı Binəqədi II seçki dairəsi üzrə deputatlığa namizədi kimi iştirak etdim.

Namizədliyimin irəli sürüldüyü seçki dairəsində müşahidəçilər, vəkillər və səlahiyyətli nümayəndələr vasitəsilə seçki prosesi əvvəldən axıra tam müşahidə edilmişdir. Müşahidələrimizə uyğun olaraq belə bir qənaətə gəldik ki, nəticələrə təsir etməyən xırda nöqsanlar istisna olmaqla seçki qanunvericiliyə uyğun keçirilib, namizədlərə və onları təmsil edən nümayəndələrə qarşı hər hansı təzyiq göstərilməsi halları qeydə alınmayıb. Şəffaflığın təmini baxımından ötən seçkilərə nisbətən daha qənaətbəxş olan bu seçkidə, KİV-nin iştirakına da daha geniş şərait yaradılıb.

Mən də Milli Dirçəliş Hərəkatı Partiyasının deputatlığa namizədi olaraq yaradılan bu şəraitdən razılığımı bildirir və seçkilərin şəffaf və demokratik keçirildiyini bəyan edirəm. Seçkilər siyasi rəqabətdir, burada udmaq da, uduzmaq da təbiidir. Başlıcası olan seçkilərdə öz gücünü sınamaq və sağlam rəqabətin nəticəsi olaraq uduzacağın təqdirdə belə, xalqımızın iradəsinə hörmətlə yanaşmaqdır.

Mən də deputatlığa namizəd olaraq Binəqədi seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini alqışlayır və seçicilərin etimadını qazanaraq qalib namizəd olan Qafarov Kamaləddin Nəsrəddin oğlunu təbrik edir, millətimiz və dövlətimiz üçün uğurlu olmasını arzulayıram".

Hörmətlə, Ələkbərov Həbib Müzəffər oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə