Nəsimi və Yasamal rayonlarında səsvermə uğurla həyata keçirilir VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Nəsimi rayonunda səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur. 21 saylı Nəsimi I Seçki Dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Xatirə Dadaşova SİA-ya açıqlamasında bildirdi ki, məntəqə üzrə 1112 seçici var. Onun sözlərinə görə, saat 10:30-a qədər 250-yə yaxın seçici səs verib. Sədr qeyd etdi ki, seçki prosesini müxtəlif siyasi partiyaların nümayəndələri və beynəlxalq müşahidəçilər izləyirlər.
Məntəqədə səsverməni izləyən beynəlxalq müşahidəçi, Pakistan Parlamentinin nümayəndəsi Sayed Mushahid Hussain çoxlu məntəqələrdə olduğunu, heç bir problemlə qarşılaşmadığını vurğuladı: "Seçicilər rahat şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Onlar üçün çox yüksək şərait yaradılıb. Səsvermə demokratik şəkildə keçirilir. Buradakı sistem çox yaxşı qurulub".

21 saylı Nəsimi I Seçki Dairəsinin 5 saylı seçki məntəqəsinin sədri Vaqif Babayev dedi ki, saat 10:50-yə qədər məntəqə üzrə 1280 seçicidən 300 nəfər səsvermə hüququndan istifadə edib. O, seçicilərin fəallıq göstərdiklərini, rahat şəkildə səsvermədə iştirak etdiklərini qeyd etdi.
Məntəqədə seçki prosesini izləyən müşahidəçilər də heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.
Seçici Vidadi Həsənov səs verdiyi məntəqədə seçki prosesinin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı: "Səsvermə prosesi üçün hazırlıqlar yüksək səviyyədə təşkil olunub. Məni çox yaxşı qarşıladılar. Qaydalar çərçivəsində səsvermə hüququmdan istifadə etdim və seçdiyim namizədə səs verdim. Hər şey yüksək səviyyədə idi".
21 saylı Nəsimi I Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində də seçicilər fəal şəkildə səsverməyə gəlirlər. Məntəqə sədri Sahibə Abbasova açıqlamasında qeyd etdi ki, məntəqə üzrə seçicilərin sayı 1109 nəfərdir: "Onlardan 16 nəfəri ilk dəfə seçkilərdə iştirak edəcəklər. 14 nəfəri isə yaşı 80-dən yuxarı olan vətəndaşlardır. Saat 11:10-dək 400 seçici səsvermədə iştirak edib. Səsverməni beynəlxalq müşahidəçilər, müxtəlif siyasi partiyaların nümayəndələri izləyirlər. Bizə 18 nəfər müraciət edib ki, səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmirlər. Buna görə, komissiya üzvü müşahidəçilərlə birgə evlərə səyyar qutular aparacaqlar".
.jpg)
Beynəlxalq müşahidəçi, Pakistan Senatının nümayəndəsi Babar Farhatullan da seçkiləri izləyənlər arasında idi. O, SİA-ya açıqlamasında müşahidələri haqqında danışdı: "İlk diqqətimi çəkən məqam odur ki, seçici fəallığlı yüksəkdir. Səsvermə tam qanunauyğun aparılır. Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçicilər, müşahidəçilər, məntəqə sədrləri və nümayəndələr ilə söhbətlər apardım. Əmin oldum ki, səsvermə demokratik şəraitdə keçirilir".
Seçici, təqaüddə olan əməkdar müəllim Ramazan Ocaqlı ilə söhbət zamanı bildirdi ki, təxminən 50 illdir ki, müxtəlif illərdə səsvermələrdə iştirak edib. O, səsvermənin təşkilindən razılığını ifadə etdi: "Seçki prosesinin aparılmasından çox razıyam. Həyat yoldaşımla birlikdə məntəqəyə gəldik və hərəmiz öz namizədimizə səs verdik. Səsvermə sakit, demokratik şəkildə keçirilir. Qalib gələnlərə uğurlar arzulayıram".
21 saylı Nəsimi I Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində də səsvermə qanunlar çərçivəsində aparılır. Məntəqənin sədri Esmira Məmmədova dedi ki, məntəqə üzrə 1210 seçici var. Onun sözlərinə görə, saat 11:30-a qədər 425 seçici səsvermədə iştirak edib, 21 nəfər isə səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmədiyi üçün, onların ünvanına səyyar seçki qutuları aparılacaq: "Seçicilər fəallıq göstərirlər. Bir neçə siyasi partiyanın nümayəndələri və beynəlxalq müşahidəçilər səsvermənin gedişatını izləyirlər".
16 saylı Yasamal II Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində də səsvermə prosesi uğurla aparılır. Burada səsverməyə gələn vətəndaşlar seçki prosesindən razılıqlarını bildirdilər. Qeyd etdilər ki, məntəqədə bütün proses qanunlar çərçivəsində həyata keçirilir və hər kəs rahat şəkildə istədiyi namizədə səs verir. Məntəqə sədri Daşqın Qəmbərov məlumat verdi ki, saat 12:00-dək 1386 seçicidən təqribən 300 nəfəri səsvermədə iştirak edib: "Proses göstərir ki, günün sonuna qədər seçicilərimizin əksəriyyəti səsvermədə iştirak edəcəklər. Məntəqədə səsverməni müxtəlif siyasi partiyaların, namizədlərin səlahiyyətli nümayəndələri və beynəlxalq müşahidəçilər izləyirlər. Buraya həm də veb-kamera vasitəsilə virtual nəzarət olunur".
Öz təşəbbüsü əsasında müşahidəçilik edən Leyla Məmmədova qeyd etdi ki, səsvermə demokratik və şəffaf şəkildə keçirilir. Seçki prosesində heç bir qanun pozuntusu müşahidə etmədiyini deyən L. Məmmədova bildirdi ki, seçicilər yüksək fəallıq göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB