Müşahidəçilər seçkilər barədə nə düşünür?

Pakistan parlamentinin üzvləri: "Pakistanda Azərbaycandakı kimi seçki fəallığı müşahidə olunmur"
Müşahidəçilər seçkilər barədə nə düşünür?

21 saylı Nəsimi 1-ci seçki dairəsinin 16 saylı məntəqəsində Pakistan Parlamentinin üzvü Mirkabir Axmed və Nizad Sadiq seçki mühitindən razılıqlarını ifadə edib və insanların azad şəkildə şəxsiyyət vəsiqələrini təqdim etməklə səsvermədə iştirak etdiklərini bildiriblər. SİA-ya açıqlamasında Nizad Sadiq qeyd edib ki, o bir neçə dəfə Azərbaycanda müəyyən proqramların həyata keçirilməsində iştirak edib. Azərbaycandakı ictimai mühit, əhalinin aktivliyi və seçicilərdə fəallığı onun xoşuna gəlib.

Mirkabir Axmed isə 21 saylı Nəsimi 1-ci seçki dairəsinin 2-ci seçki məntəqəsində olduğunu da bildirib. Qeyd edib ki, Pakistanda əhalinin sayı çox olsa da Azərbaycandakı kimi seçki fəallığı müşahidə olunmur. Onun sözlərinə görə Pakistanda hələ də insanların barmağına çernel vurulduğunu, ancaq Azərbaycanda daha müasir üsullardan istifadə edildiyini bildirdi.

AXCP-dən olan müşahidəsi: "Seçki prosesi normal axarı ilə gedir"

22 saylı Nəsimi 2-ci seçki dairəsinin 22 saylı məntəqəsində seçki prosesini müşahidə etmiş AXCP-dən olan müşahidəçi Rəfiyev Səxavət hər şeyin normal axarı ilə getdiyini, hər hansı bir qanun pozuntusu ilə rastlaşmadığını bildirib: "Etiraf olunmalıdır ki, seçkilər yüksək səviyyədə təmin olunub. İnsanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqədə hər bir şərait yaradılıb".

ADP-nin müşahidəçisi: "Qanuna zidd halla rastlaşmadım"

22 saylı Nəsimi 2-ci seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçkilərdə müşahidəçi qismində iştirak edən ADP-nin nümayəndəsi Hümbətov Orxan seçkilərin müşahidəsi zamanı hər hansı bir qanuna zidd halla rastlaşmadığını bildirib. Onu da qeyd edib ki, seçkilərin demokratik formada keçirilməsi üçün yaradılan şəraitdən insanların razılıq etdiklərini gördüm.

Rusiya Dövlət Dumasının üzvü: "Seçici fəallığını müşahidə etdim"

22 saylı Nəsimi 2-ci seçki dairəsində 21 saylı seçki məntəqəsindən Rusiya Dövlət Dumasının üzvü Anna Kuznina Vladimirovna seçki ilə bağlı iradlarının olmadığını, hər şeyin azad və demokratik şəkildə keçirildiyini vurğulayıb. Qeyd edib ki, seçki məntəqələrinin müasir texnologiyalarla təmin olunması və insanların kütləvi şəkildə məntəqələrə gələrək, səsvermədə iştirak etmələri Azərbaycan xalqının demokratik prinsiplərə sadiq olduğunu göstərir.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə