Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradır

Azər KƏRİMLİ, millət vəkili
Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradır

Son illərdə dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Qlobal risklər şəraitində Azərbaycanın davamlı inkişaf templərini saxlamasını şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə özəl bölmənin inkişafının yüksək səviyyədə dəstəklənməsi ilə bağlıdır. Respublikamızda dövlət sahibkarlığın inkişafına həm siyasi, həm də maddi dəstək verir. Prezident İlham Əliyev çıxışlarında da dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd edir: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir".

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ölkəmizdə sahibkarlığın inkişafına maksimum dərəcədə qayğı göstərilməsinin zəruriliyini bir daha vurğulayıb.

Azərbaycanın iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində ölkəmiz artıq neft amilindən asılılıq sindromundan yan keçib. Xüsusilə də, "Əsrin müqaviləsi" və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Bu gün Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan elə bir dayanıqlı iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili başlıca rol oynamasın. Təbii ki, ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən hər il bu sahəyə dövlət xətti ilə güzəştli kreditlər şəklində böyük məbləğdə maliyyə vəsaiti ayrılır.

Onu da vurğulamaq istərdim ki, hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Əgər bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Prezident İlham Əliyev bundan məmnunluğunu ifadə edərək deyib: "... 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz".

Qeyd etdiyim statistik göstəricilər ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişaf mənzərəsini göz önündə canlandırır. Əlamətdar haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti hesabına genişlənib. Buna görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.

Son illərdə dövlət başçısının elan etdiyi "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi planlaşdırılan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına və bunun nəticəsində çoxsaylı sahibkarlar ordusunun yarandığına diqqət çəkərək deyib: "Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib.

Sahibkarlığın dəstəklənməsi ölkədə aqrar sektorun və bütövlükdə regionların inkişafına əlavə impuls verir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. "Aqrolizinq" ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Beləliklə, ölkədə sahibkarlığın dəstəklənməsinin, həmçinin, güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.

Beləliklə, sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə