Qərb mətbuatı yenə öz ampluasındadır. Bəlli çevrələr Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məkrli siyasətlərini davam etdirirlər. Buna bəzi qərb KİV-lərində parlament seçkiləri ilə bağlı yer alan dezinformasiya xarakterli məlumatları misal göstərmək olar. Məsələ ilə bağlı Seçki-2015.az saytı yerli media rəhbərlərinin münasibətini öyrənib.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Ölkələrə raketlər üzərindən demokratiyanın daşınmasının mümkünsüz olduğunu anlayan Qərb dairələri digər təzyiq vasitələrindən istifadə etməyə çalışırlar. Mətbuat bu işdə alətə çevrilib. Qərb telekanalları dünyada baş verən hadisələrə birtərəfli mövqedən yanaşır və bütün dünya bunu görür. Bununla belə, artıq cəmiyyət reallıqların fərqindədir və belə təzyiq vasitələrinin nəticə verəcəyi inandırıcı deyil".
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Qərb mediası məlum dairələrin ikili standartlar siyasətini həyata keçirməsi üçün siyasi alətə çevrildiyini nümayiş etdirir. Azərbaycandakı söz azadlığı ilə bağlı qanunvericilik bazası ən inkişaf etmiş ölkələrə belə nümunə ola bilər. Bu gün Azərbaycanı yersiz ittiham edən ölkələrin özündə insan haqlarının, söz azadlığının pozulduğunu görürük. Qərb mətbuatında yer alan qərəzli məlumatların heç bir siyasi və ictimai əhəmiyyəti yoxdur".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Önəmli siyasi hadisələr ərəfəsində qərəzli dairələrin fəallaşması bilavasitə obyektiv qüvvələrin real münasibətinin intensivləşməsi ilə bağlıdır. Azərbaycanın dostlarının həqiqəti işıqlandırması üzdəniraq çevrələri bir növ ifşa edir. Qərb mediasının parlament seçkisi öncəsi qarayaxma kampaniyasını intensivləşdirməsi həm də bununla bağlıdır. Ən maraqlısı isə budur ki, artıq həmin KİV-lər Azərbaycanı sevməyən qüvvələrin sifarişini yerinə yetirdiyini gizlədə bilmirlər. Amma bunlara baxmayaraq, vətəndaş institutlarının, siyasi təşkilatların, ümumiyyətlə, cəmiyyətin mövcud siyasi sabitlik ətrafında birləşməsi bu cür qərəzli yanaşmaları neytrallaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB