Türkiyəli professor: "Azərbaycana qarşı təzyiq cəhdləri seçki prosesinə təsir edə bilməz”
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərməməsi seçki prosesinin gedişinə təsir edə bilməz". SİA-nın Seçki-2015.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl açıqlamasında deyib.
Onun sözlərinə görə, beynəlxalq güclərin maraqlarının xidmətçisinə çevrilən bu cür təşkilatlar və institutlar üçün demokratiya, insan haqları çox da maraqlı deyil: "DTİHB-ni Azərbaycandakı demokratik vəziyyət deyil, Qərbin maraqlarının gələcək taleyi düşündürür. Xüsusilə seçkidən əvvəl və sonrakı dövrdə bu qüvvələrin təzyiq cəhdləri artır".
T. İsmayıl Azərbaycana qarşı bu münasibətin ikili standartlardan irəli gəldiyini qeyd edib. "Göründüyü kimi, bu qüvvələr üçün şəxsi və qrup maraqları demokratiyadan da, insan haqları kimi ali dəyərlərdən də vacibdir. Artıq bu ali dəyərlər Azərbaycana təzyiq üçün bir alətə çevrilib", - deyə ekspert bildirib.
Bu cür təzyiqlərlə onların heç nəyə nail olmayacaqlarını deyən T. İsmayıl bildirib: "İndiyə qədər Azərbaycana qarşı edilən təzyiqlərin heç bir nəticəsi olmayıb, bundan sonra da olmayacaq. Əksinə getdikcə bu qüvvələrin məqsədləri ifşa olunur. Hesab edirəm ki, Azərbaycan bu seçkiləri də normal şəraitdə keçirə biləcək".
Ekspert seçkilərdə iqtidar partiyasının daha şanslı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB