Qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov 21 oktyabr 2015-ci ildə İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, Nur Xolisin ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Xələf Xələfov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək Azərbaycanın İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd edib. BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib. Ermənistan tərəfindən BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbirin görülmədiyini vurğulayıb.

Ermənistan tərəfindən törədilən vəhşiliklər, xüsusilə Xocalı soyqırımını qeyd edən nazir müavini Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, Azərbaycanın hüquqlarının bərpa edilməsi üçün hökumətimiz tərəfindən beynəlxalq səviyyədə göstərilən səylərdən danışdı. O, bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qətnaməni diqqətə çatdırıb.

Nur Xolis ölkəsinin Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Ölkəmizdə səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarət olduğunu bildirib.

Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə