Vahid Əhmədov: “Sahibkarlıq yaxın 2 il ərzində sürətlə inkişaf edəcək” MÜNASİBƏT

Vahid Əhmədov: “Sahibkarlıq yaxın 2 il ərzində sürətlə inkişaf edəcək” MÜNASİBƏT

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Cənab Prezidentin ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılması ilə bağlı qərarı sahibkarlığın inkişafı ilə əlaqədar çox ciddi mesajlar verdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov söyləyib.

Millət vəkili bildirib ki, sözügedən qərardan sonra bu sahədə müəyyən işlər görülməyə başladı: "İlk olaraq lisenziyaların şəffaf aparılması, çatışmazlığın aradan qaldırılması üçün işi "ASAN Xidmətə" verildi. Bundan sonra bütün lisenziyaların verilməsi ASAN xidmət mərkəzlərində həyata keçiriləcək. Lisenziyaların verilməsinin "ASAN Xidmətə" həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də "vasitəçi" axtarmalı olacaq. O sadəcə dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq. Onu da deyim ki, sahibkarlıqda yoxlamalarla əlaqədar biz qanun qəbul etmişdik. Lakin həmin qanun icra olunmurdu, kənar müdaxilələr həddindən artıq çox idi. Cənab Prezident də 2 illik yoxlamaların dayandırılması ilə bağlı qanun qəbul elədi. Bu, olduqca müsbət addımdır. Çünki Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şərait yaratmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda sahibkarlıq yaxın 2 il ərzində sürətlə inkişaf etsin. Bu bütün növ iqtisadi gəlirlərin artmasına səbəb olacaq. Məmur-sahibkar münasibətləri normallaşacaq. Bu, çox ciddi məsələdir və bu cür qərarların verilməsi Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə