Razi Nurullayev: “Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz”

“AXCP-yə axın çoxalacaq”
Razi Nurullayev: “Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz”

AXCP-nin Etimad Qurultayı cəmiyyətə bir sıra mesajla verdi. Bəs cəbhəçilər AXCP-ni Əli Kərimlinin saldığı siyasi dalandan çıxara biləcəkmi? Bu və digər suallarla bağlı AXCP sədri Razi Nurulayevin fikirlərini öyrəndik. Razi bəy cəbhəçilərin 18 oktyabrda yeni tarix yazdığını deyir:

- Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı artıq bir tarixə çevrildi, biz AXCP-ni yenidən qurmuş olduq. Daha doğrusu onun saflığını, səmimiyyətini özünə qaytardıq. Təbii ki, ictimai rəy bunu qəbul etdi, çoxsaylı təbriklər aldıq. İnsanlar 15-20 il bundan öncəki siyasi ab-havanı qaytardığımıza görə də bizə təşəkkür etdilər. Ona görə də demək istəyirəm ki, biz, yeni bir tarix yazdıq deməklə heç də mübaliğəyə yol vermədik. Bu yeni tarix inşallah yaxın zamanlarda da özünün məntiqi sonluğuna çatacaq. Güclü bir partiya ortaya qoyacağıq və köhnə hərəkatçıları, cəbhəçiləri də öz yanımızda görmək istəyirik. Bu prosesin ardı kimi artıq Əli Kərimlinin yanında qalan digər saf cəbhəçilər də gəlib bizə qoşulacaqlar.

- Xalqın müxalifətə, o cümlədən AXCP-yə itən etimadını bərpa etmək mümkün olacaqmı?

- Təbii ki, Əli Kərimli dönəmində AXCP-nin nüfuzu çox zəifləyib. Onun nüfuzuna, siyasətinə çox ciddi zərbə dəyib. Apardığımız siyasət müəyyən mənada Əli Kərimlinin apardığı yarıtmaz siyasətin yaratdığı fəsadların aradan qaldırılmasına, düzgün siyasətin bərpasına yönəlib. Uğurlarımız da kifayət qədərdir. 2 ay ərzində 1200 nəfərdən artıq insanın iştirakı ilə keçirilən qurultay cəmiyyət üçün çox ciddi bir mesaj oldu. Çünki indiki zamanda 10 nəfər insanı bir yerə yığıb tədbir keçirə bilməyən partiyalar var. Bu baxımdan hesab edirəm ki, cəmiyyətin elə ilk gündən etimad qurultayına münasibəti yaxşı oldu və qurultay zamanı da bu, özünü büruzə verdi. Qurultayda gözü yaşaran insanlar var idi. Mən, hesab edirəm ki, bizim işlərimiz, səmimiyyətimiz, insanlarla təmasımız artdıqca, AXCP-yə axın çoxalacaq və onun nüfuzu da özünə qayıdacaq. Çünki biz, məhz Rəsulzadə-Elçibəy ideyaları, məfkurəsi üzərində AXCP-ni yenidən şəkilləndirmək niyyətimizi bəyan etmişik və bu yöndə iş gedir.

- Milli Şura fəaliyyətə başlayanda bu qurum Rusiyanın bir layihəsi kimi təqdim olundu. Əli Kərimlinin də burada təmsil olunması AXCP-nin Qərbdən üz çevirib Rusiyameylli siyasət yürütməsi kimi fikri gücləndirdi. Azərbaycan xalqının böyük əksriyyətini Qərbyönümlü olmasını nəzərə alsaq, bu addım xalqda AXCP-yə olan etimadı daha da zəiflətdi...

-Təbii ki, Milli Şuranın Rusiyameylli olması bu təşkilatın üzərinə qoyuldu. Mən, bununla bağlı qəti bir fikir söyləmək istəmirəm. Sadəcə onu bilirəm ki, Milli Şura istər Qərbpərəst, istərsə də Rusiyapərəst olsun heç bir fərq etməz. Əgər orada Əli Kərimli varsa, onda heç bir inkişafdan söhbət gedə bilməz. Çünki Əli Kərimli olan yerdə ancaq intriqa, dedi-qodu və başqalarını ləkələmək cəhdləri var. Bu baxımdan mən, düşünürəm ki, Milli Şuranın taleyi elə Əli Kərimli ora gələn gündən bəlli olmalı idi. Milli Şura və Əli Kərimlinin təmsil etdiyi qanad da, hər zaman qərbyönümlü siyasət yürütməyi bəyan ediblər, amma bu istiqamətdə konkret heç bir əməl yoxdur. Yalnız bəyanatlar verməklə kifayətləniblər. Amma AXCP-nin tarixində ilk dəfə olaraq biz o cəsarəti tapdıq və partiyanın nizamnaməsinə dəyişiklik etdik. Dəyişiklik də Avrointeqrasiya ilə bağlıdır. Biz ora Avrointqerasiya ilə bağlı müddəa əlavə etdik. Artıq Avropaya inteqrasiya, Azərbaycanın qərbyönümlü olması, Qərblə dostluğumuz AXCP-nin nizamnamə tələbidir. Amma Əli Kərimli bu cəsarəti özündə tapmamışdı.

- Partiyanın mitinqlərə münasibəti necədir? Bundan sonra ölkədə yaranmış hər hansı bir durumla bağlı mitinqlər təşkil etməyi düşünürsünüzmü?

- Biz, ümumiyyətlə yalançı qəhrəmanlığın əleyhinəyik. Hazırda işləyirik, bütün haqsızlıqlara və ədalətsizliyə qarşıyıq və qarşı olacağıq. Hər zaman əzilənin yanında və zülmün qarşısındayıq. Amma bununla bərabər göstəri, şou xatirinə heç bir mitinqdə iştirak etmək və elə bir mitinq düzənləmək fikrində deyilik. Xalqla işləyirik və xalqın müqavimət hərəkatını yaratmaq niyyətindəyik. Biz, buna hazır olan zaman və xalqın bizə, həmçinin siyasi proseslərə inamını bərpa edəndən, xalqın müqavimət hərəkatında iştirakına əmin olandan sonra təbii ki, siyasi aksiyalara başlayacağıq. İddiamız böyükdür. Bu baxımdan təbii ki, biz, zaman-zaman gücləndikcə, bu məsələlər öz yerini tapacaq. Hədəflərimizi də bəlli və aydın şəkildə xalqa çatdıracağıq.

- Parlament seçkilərindən sonra ölkənin əsas siyasi hadisəsi prezident seçkiləri olacaq. Bu proseslə bağlı planlarınız necədi, AXCP prezident seçkilərinə qatılacaqmı?

- Biz çox gözəl start götürmüşük. Bu gün siyasətin ölü, məhv olmuş bir zamanında 1200 nəfərdən artıq insanla, cəbhəçilərlə möhtəşəm, səsli-küylü bir qurultay keçirə bildiksə, təbii ki iddialı olmalıyıq və 2018-ci ili Azərbaycanda dəyişiklik ili kimi də qələmə vermək niyyətindəyik. Təbii ki, Prezident seçkisinə qatılacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə