Danılmazdır ki, ölkəmizin bugünkü uğurlarının arxasında onun müstəqilliyi dayanır. Belə ki, haqqında 18 oktyabr 1991-ci il tarixində Konstitusiya Aktı qəbul edilmiş dövlət müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində möhkəmlənmiş və bu da özlüyündə çoxşaxəli inkişafa cığır açmışdır. Müasir Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi, mədəni və digər nailiyyətlər məhz həmin inkişafın göstəriciləridir. Ulu Öndərin təməlini qoyduğu müdrik siyasi kurs bu gün Prezident İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və zəfərlərimizin sayı dayanmadan artır. Ölkəmizdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər bütün dünyanı sözün yaxşı mənasında heyrətə gətirir.
Azərbaycanın artan tərəqqi yolunda olduğunu gözəl anlayan və bunu düzgün qiymətləndirməyi bacaran hər bir vətəndaşımıza məlumdur ki, ölkəmizdəki müsbət irəliləyişlərin əldə edilməsində Yeni Azərbaycan Partiyasının(YAP) rolu böyükdür. O vaxtki iqtidara qarşı müxalif partiya kimi yaranmış Yeni Azərbaycan Partiyası öz səmərəli fəaliyyəti sayəsində xalqın partiyasına çevrilməyi bacarmışdır. Ümummilli Lider tərəfindən yaradılmış bu partiya daim milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, siyasi, iqtisadi və dövlətçilik maraqlarının gücləndirilməsinə xidmət göstərmişdir. Məhz sadalanan bu amillər sözügedən partiyanı Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevirmişdir.
Böyük bir fəxrdir ki, Yeni Azərbaycan Partiyası öz sıralarında 650 mindən artıq üzvü ehtiva etmişdir. Təbii ki, həmin üzvlər arasında qadınlar və gənclərin böyük çoxluq təşkil etməsi sevindirici haldır. Məlum olduğu kimi, bu təbəqələr Partiyanın fəaliyyətində yaxından iştirak edir və bütün layihələrdə onların potensialından istifadə edilir. Bu da üzvlərin günbəgün artmasına səbəb olur.
Bildiyimiz kimi, cari ilin 1 noyabr tarixində Azərbaycan Respublikasının qanunverici orqanı – Milli Məclisə 5-ci çağırış seçkilər keçiriləcək. Sözsüzdür ki, özündə xeyli sayda savadlı, yüksək intellektli və vətənpərvər insanları birləşdirən Yeni Azərbaycan Partiyası bu dəfə də qələbə qazanmaq iddiasındadır. Qadınları və gəncləri, ziyalıları, xalqın mənafeyini üstün tutan şəxsləri namizəd olaraq irəli sürən YAP bu dəfəki seçkilərə də böyük əzmkarlıqla qatılmışdır. Qüdrətli partiyanın namizədlərinin öz seçiciləri ilə görüşlərdə böyük maraq və yüksək coşqu ilə qarşılanmaları Yeni Azərbaycan Partiyasının növbəti zəfəri qazanacağına bir əminlik yaradır. Odur ki, YAP-ın seçicilərdə yaratdığı dərin inamın yenidən öz təsdiqini tapacağı gün böyük ümidlə gözlənilir. İnşallah, regionun ən nüfuzlu partiyası – Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qalib gəlməklə öz yeni hədəflərinə doğru iti addımlar atmış olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB