Deputatlığa namizəd seçiciləri ilə görüşdü

Deputatlığa namizəd seçiciləri ilə görüşdü

Azərbaycan Respublikasının 2015-ci il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlunun bu gün Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində seçiciləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, namizədlə görüşdə Laçın rayonundan olan ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak edib.

Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start verilib.

YAP-ın Laçın rayon təşkilatının sədri Aqil Nəzərli tədbiri açıq elan edərək bildirib ki, Abbaszadə Mahir Tapdıq oğlu YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi qeyd alınıb: "Bu münasibətlə mən sizlərin və öz adımdan Mahir Abbaszadəyə bu şərəfli yolda uğurlar arzu edirəm. İnanıram ki, namizədimiz sizlərin etimadını qazanacaq və qarşıda duran məsələlərin hər birinin öhdəsindən layiqincə gələcək".

O, seçiciləri fəal olmağa və 1noyabr parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırdı: "1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə laçınlılar Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji kursunu dəstəkləyiblər. Əminəm ki, 1 noyabr parlament seçkilərində də laçınlıların mövqeyi dəyişməyəcək. Bu dəfə də qətiyyəti ilə seçilən seçicilər YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklər".

YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlu seçiciləri ilə görüşdə öz platfroması haqqında ətraflı məlumat verib. Namizəd ilk olaraq seçiciləri adından YAP-ın sədri, cənab Prezidenti İlham Əliyevə hakim Partiya tərəfindən namizədliyi irəli sürüldüyünə görə təşəkkürünü bildirib: "Laçının rayonun tarixində YAP həmişə seçkilərdə qalib gəlib. Bu, laçınlıların dövlətə, dövlətçiliyə olan inamının məntiqi nəticəsi, Azərbaycan hakimiyyətinin apardığı siyasətə hörmət əlaməti olub. Bundan əvvəl sizlərin Milli Məclisə seçidiyiniz namizədlər də Laçın rayonunu parlamentdə çox ləyaqətlə təmsil ediblər. Onlar Milli Məclisdə bacardıqları qədər Laçın rayonunun probemlərini qaldırıblar. Əgər sizlər də mənə səs versəniz, parlamentdə millət vəkili etsəniz, çalışacam ki, mən də onların ən yaxşı işlərini davam etdirim və Laçını ləyaqətlə təmsil edim. Bildiyiniz kimi məni YAP irəli sürüb. Partiya 1992-ci ildə yaradılıb. Bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciətindən sonra hakim Partiya yaranıb. Ulu Öndərin rəhbərliyi ilə YAP Naxçıvanda yarandı. Sonradan hakim Partiyanın üzvlərinin sayı artaraq bütün Respublikanın vahid Partiyasına çevrilmişdir. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan özünün yeni bir mərhələsinə qədəm qoydu. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən bu fəaliyyət uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi siyasət, Azərbaycandakı uğurlar, dövlət büdcəsinin hər il artması cənab İlham Əliyevin sosial siyasətinin məntiqi nəticəsidir. Sizlər hər biriniz bunu öz həyatında hiss etmisiniz. Əgər mənə səs verib millət vəkili etsəniz, mən də bu siyasətin davam etdirilməsində, bu siyasətin Milli Məclisdə qanunverici bazasının yaranmasında yaxından iştirak edəcəm. Çalışacam ki, sizin hər birinizin istəyi, sözü qəbul olunmuş qərarlarda, qanunlarda öz əksini tapsın".

YAP Yasamal rayon təşkilatının fəal üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov isə arzu edib ki, Abbaszadə Mahir Tapdıq oğlu Milli Məclisdə təmsil olunarkən qlobal, Laçın rayonunun taleyüklü məsələlərinə öndə planda saxlasın: "Qoy, qırmızı xəttlə onun qarşısında dayansın. İnanıram ki, belə də olacaq. Bu gün Laçın rayonunun çox müsbət dəyərləri var. Respublamızın 59 rayonunda bizim laçınlılar yaşayır. Biz Laçına, laçınlılara verilən qiyməti burada görürük. İndi görürük və görmüşük. Ona görə də inanıram ki, Mahir Abbaszadə öz fəaliyyətində laçınlı qürurunu, saflığını və s. qoruyub saxlaya biləcək. 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan hakim Partiyanın sıralarında bu gün 700 minə yaxın adam cəmləşib. Sözün həqiqi mənasında bu gün Respublikamızda görülən işlər, çəkilən yollar, küçələr, abadlaşdırılan işlər və s. göz oxşayır".

Görüşdə rayon ziyalıları, Qarabağ müharibəsi veteranları, seçicilər Mahir Abbaszadəni ləyaqətli insan kimi tanıdıqlarını bildirdilər. Qeyd etdilər ki, noyabrın 1-də parlament seçkilərində hamılıqla məntəqələrə gedərək, ən layiqli namizəd olan Mahir Abbaszadəyə səs verəcəklər.

Tədbirin sonunda isə namizəd öz seçiciləri tək-tək görüşərək, onlarla səmimi söhbət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə