"ABŞ-ın Azərbaycana olan mövqeyində xeyli dərəcədə yumuşama nəzərə çarpır". Bu sözləri SİA-ya siyasi ekspert Qabil Hüseynli deyib.
O, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın açıqlamasını səmimi qəbul etdiyini bildirib və bunu son zamanlar dünyada gedən gərgin proseslərin nəticəsi ilə bağlayıb: "Bu gərgin situasiya dövlətləri geosiyasi oyunlardan əl çəkməyə vadar edir. Artıq demək olar ki, bu oyunlar sona çatır".
Onun fikrincə, hazırda Cənubu Qafqaz uğrunda geosiyasi rəqabət gedir və Azərbaycanın Rusiyaya yaxınlaşması artıq ABŞ-ı düşündürməyə başlayır: "ABŞ və Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışır. Azərbaycan və Rusiya arasında müəyyən yaxınlaşma nəzərə çarpır. Rusiyanın bu barədə bir addım önə keçməsi ABŞ-ı dərindən narahat edir. Çünki Qərbin enerji təminatında Azərbaycan çox böyük rol oynayır".
Politoloq bildirib ki, son zamanlar ABŞ-ın Azərbaycana olan mövqeyi xeyli dərəcədə yumuşalıb və bu baxımdan ABŞ istər ərazi bütövlüyü, istərsə də ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi faktları ilə bağlı xeyli pozitiv fikirlər səsləndirir: "Son bir ayda ABŞ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı ilə bağlı xeyli fikirlər səsləndirib. Eyni zamanda ABŞ səfiri ilə Azərbaycanla bağlı fikir mübadilələri də aparılır. Bu da ABŞ-ın Azərbaycana qarşı mövqeyində xeyli yumuşama olduğunu sübut edir".
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin səsləndirdiyi: "Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" deyil" – fikrindən sonra ABŞ səfiri Robert Sekuta da həmin fikirləri yenidən gündəmə gətirib və bildirib ki, əgər insanlar həlak olursa bu "dondurulmuş" münaqişə deyil və tərəflər münaqişənin sülh yolu ilə həll edilməsinə çalışır.
Qabil Hüseynli onu da vurğulayıb ki, ABŞ-ın son zamanlar Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe Fransanın, hətta Rusiyanın nümayiş etdirdiyi mövqedən daha obyektivdir. Buna görə, səfirin dediklərini qəbul etmək olar.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan haqda mənfi fikir səsləndirən təşkilatlar da artıq həmin fikirləri dilə gətirmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB