2015-ci il noyabr ayının 1-i Azərbaycanda parlament seçkiləridir. Atrıq növbəti həftə parlamentin son payız sessiyası keçiriləcək və bununla IV çağırış parlamentin işi yekunlaşacaq. Lakin bununla yanaşı, noyabrın birində V çağırış parlamentinə seçkilər keçiriləcək və söz yox ki, ölkədə mövcud ictimai-siyasi durum da məhz bu istiqamətə yönəlib.
Məsələ ilə bağlı millət vəkili Nəriman Əliyevin fikirlərini öyrəndik. Millət vəkili bununla bağlı SİA-ya açıqlamasında bir sıra fikirlərə toxunaraq bildirdi ki, növbəti seçkilərin ölkədə demokratiyanın inkişafında daha bir mütərəqqi addım olacağı gözləniləndir. Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri bu dəfə də seçkilərə qələbə əzmi ilə qatılacaqlar: "Diqqət çəkən məqamlardan biri budur ki, dövlət hər zaman demokratiyanın inkişafında yeni addım atılacağına zəmanət verir və bu zəmanətini reallaşdırır. Ölkədə seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün ən mühüm şərtlərdən olan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf mövcuddur. Parlament seçkilərinə hazırlıq və ona münasibətlə əlaqədar hakimiyyətin mövqeyi dövlət başçısı Cənab İlham Əliyevin fikirlərində də yer alıb. Möhtərəm Prezidentimiz vurğulayıb ki, "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur."
Məhz Onun bu fikirlərini dinləyərkən əminliklə vurğulaya bilərik ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır.
Millət vəkili eyni zamanda hakim YAP-ın seçkilərə hazırlıq dövründəki fəaliyyəti məsələsinə də toxunaraq deyib ki, YAP özünün illərlə formalaşmış ənənəsinə uyğun olaraq seçkilərə hazırlıq prosesinə başladı. Ötən illərdə keçirilən dörd parlament seçkisinin nəticələrinə nəzər salsaq hakim partiyanın təmsilçiliyi say etibarı ilə öncüllüyünü qoruyub-saxlayıb. YAP, həmçinin, növbəti seçkilərdə yeni simaların namizədliyinə, gənclərin və qadınların iştirakına xüsusi diqqət veriləcəyini də ilin əvvəlində strategiyasının əsas məqsədlərdən biri kimi bəyan edib.
Nəriman Əliyev həmçinin bildirib ki, YAP-ın namizədləri irəli sürmək və deputat siyahısını tərtib etmək taktikası radikal müxalifət düşərgəsinin qərəzli şərhlər verməsinə səbəb olub ki, bu da onların sifarişlər əsasında fəaliyyət göstərmələrinə dəlalət edir: "Gah seçkiləri boykot etməklə, gah da namizədlərini irəli sürdükdən sonra seçkilərə qatılıb-qatılmayacaqları ətrafında anlaşılmaz bəyanatlar səsləndirməklə özlərini kənardan idarəedilən olduqlarını təsdiq edən müxalifət əslində qeyri-ciddi olduğunu isbatlamış olur. Biz bunu "Milli Şura", AXCP, Müsavat və s. bir-birindən fərlənməyən partiyalarda dəfələrlə görmüşük. Bu baxımdan, YAP-ı seçki taktikası qarşısında daim aciz qalan radikallar xalqa deyil, onlara ağalıq edən xarici təşkilatlara arxalanırlar. Bu isə onların siyasi məğlubiyyətlərini daha da artırır."
Millət vəkili radikal düşərgədəki seçki məğlubiyyətlərinin daha bir faktoruna toxunaraq əsas baiskarların AXCP və Müsavat partiyaları olduğunu bildirib: "AXCP və Müsavatın bir-birini mühasirə cəhdləri, "demokratik müxalifətin liderliyi" uğrunda bir-biri ilə bəzən açıq, bəzən isə gizli rəqabət aparmaları hamıya aydın olan bir faktdır. Hər əhəmiyyətli seçkilər öncəsi isə bu rəqabətin eyni ssenarili manevrlər əsasında getməsi deyəsən artıq çoxlarının əsəblərinə toxunmağa başlayır. Nədir bu ssenari? Növbə ilə hərdən bu partiyaların biri ətrafına bir neçə xırda partiya toplayıb digərini öz blokuna dəvət edir və ümid edir ki, həmin blokda öz rəqibini mühasirəyə alıb qərarları təkbaşına verə biləcək. Lakin nəticə sonda bəlli olur ki, həmin nəticəni xalq dəfələrlə görüb."
Nəriman Əliyevin fikrincə, hazırda Qərb təşkilatları da canfəşanlıq edərək, Azərbaycanda formalaşmış demokratik və şəffaf seçki mühitinə kölgə salmağa cəhdlər edir: "Avropanın və Qərbin bəzi qurumları məhz bu amildən öz çirkin maraqları üçün faydalanmağa cəhdlər etsə də, ölkəmizdə xalqın öz dövlətinə, hakimiyyətə olan inamı həmin maraqları alt-üst edir. Təbii ki, belə olan halda radikal müxalifət də başını itirir və mövcud vəziyyətdə qalmağa davam edir. Bu isə radikalizmin, xarici təsirlərin Azərbaycanda yürüdülməsinin qeyri-mümkün olduğunu sübut edən amildir".
Millət vəkili daha bir amilə də toxunaraq deyib ki, Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur və bu da cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də orta sinif təmsilçilərinin, sahibkar və biznes sahəsi nümayəndələrinin seçkilərdə istər müxtəlif qurumlardan, istərsə də müstəqil namizəd kimi irəli sürülmək imkanlarını artırır: "Bu baxımdan seçkilərdə bəhs edilən bu təbəqənin təmsilçilərinin də tanındıqları və güvəndikləri dairələrdən mübarizəyə qatılaraq yüksək fəallıq nümayiş etdirəcəyi istisna deyil."
Millət vəkili sonda vurğulayıb ki, növbəti parlament seçkilərində əsas güc xalqdır: "Məhz xalqın seçkilərə qatılması, istədiyi namizədlərə şəffaf qaydada səs verməsi bu prosesin yekin nöqtəsini qoyacaq. Ona görə də seçkilərin fəal keçməsi üçün hər bir vətəndaş məntəqələrə gedərək, öz namizədinə səs verib, demokratik parlament seçkilərinə öz töhfəsini vermiş olacaq."
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB