Deputatdan erməni parlamentarilərə CAVAB

Sahibə Qafarova:”Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın da olacaq”
Deputatdan erməni parlamentarilərə CAVAB

"Azərbaycanda qadınların ictimai-siyasi fəaliyyətdə, qərar qəbuletmədə fəallığını artırmaq məqsədilə daha bir əhəmiyyətli addım atılıb. Eyni zamanda, qadınların iqtisadi sferada fəaliyyətini təşviq etmək üçün də əsaslı tədbirlər görülür". SİA-nın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assamblyesında keçirilən sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, qadınlara fərdi biznesini qurmaq və inkişaf etdirmək üçün dövlət guzəştlər tətbiq edir, subsidiya və guzəştli kreditlər verilir: "Hazırda hökumətin gender siyasətinin mühüm istiqamətlərindən birini kənd və qəsəbələrdə yaşayan qadınların işsizlik probleminin həlli, onların sosial inteqrasiyası təşkil edir. Bu istiqamətdə müxtəlif dövlət proqramları icra edilir və digər tədbirlər görülür. Mən bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub. Ötən 21 ildə aparılan danışıqlar heç bir nəticə vermədiyi kimi, bu gün də biz tez-tez Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğunu müşahidə edirik. Təəssüf ki, Ermənistan ordusu beynəlxalq sənədlərdə əksini tapmış prinsiplərə saymazyana münasibətini davam etdirir, öhdəliklərini yerinə yetirməkdən imtina edir. Azərabycanın mülki vətəndaşlarının Ermənistan ordusu tərəfindən atəşə məruz qalması isə bir daha onu göstərir ki, işğalçı ölkənin rəhbərliyi heç bir insani dəyər, humanizmə məhəl qoymur".

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın kənd və qəsəbələrində məskunlaşan qadınların əksəriyyəti hazırda cəbhə xəttinə yaxın ərazilərdə, bəzən günlərlə gərgin vəziyyətin yaşandığı bölgələrdə yaşayırlar: "Deməli, onlar hər gün problemlərlə üzləşir, adi insan hüquqları belə pozulur. Bu bölgələrdə qadınlar və uşaqlar hər gün snayperlərin atəşi altında və ölüm təhlükəsi ilə yaşamağa məcburdurlar. Ermənistan snayeperlərinin açdığı atəş nəticəsində bu vaxta qədər körpə uşaqların, mülki vətəndaşların öz həyatları itirməsi bu təhlükənin nə qədər real olduğunu göstərir".

Daha sonra Sahibə Qafarova erməni parlamentarilərin çıxışlarına cavab verib. O, deyib ki, nə qədər qəribə görünsə də, burada erməni təmsilçisi Azərbaycan torpaqlarının işğal edilməsinə bəraət qazandırmaq, hətta həyasızcasına bunu zərurət kimi təqdim etməyə çalışdı: "O, bir qədər də irəli gedərək Azərbaycanı müharibəyə başlamaqda ittiham etdi. Mən hamıya Ermənistan prezidenti Serj Sarkisyanın bu tribunadan çıxışını xatırlatmaq istərdim. Sarkisyan burada işğalçı olduğunu etiraf edirdi. Düşünürəm ki, bu, burada müharibənin Azərbaycan tərəfindən başladılması kimi absurd iddia irəli sürənlərə ən düzgün cavabdır və hazırda regionda təhlükəsizliyi hansı dövlət tərəfindən hədə yaradıldığını göstərir. Mən burada çıxış edən erməni deputatlara bir daha xatırlatmaq istəyirəm ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın da olacaq. Buna heç kəsin şübhəsi olmasın. Təəssüf ki, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri Ermənistandakı fasist rejimi tərəfindən pozulur, erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında bütün beynəlxalq və regional qətnamələrə məhəl qoymur və Azərbaycan torpaqlarının işğalını davam etdirir".

Xatırladaq ki, AŞPA-nın payız sessiyası çərçivəsində dünən keçirilən sərbəst debatlarda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin başlanmasında növbəti dəfə Azərbaycanı ittiham edib, tarixi saxtalaşdıraraq Dağlıq Qarabağ Ermənistanın tarixi torpaqları kimi qələmə verməyə çalışıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə