"Azərbaycan prokurorluğu bütün vəzifələri uğurla həyata keçirir" AÇIQLAMA

"Azərbaycan Prokurorluğu hər zaman Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək dövlətçiliyimizin qorunmasına, möhkəmlənməsinə xidmət edərək, qanunun aliliyini təmin edib. Biz Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmağı özümüzə bir vətəndaş həmçinin mənəvi borc hesab edirik". Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri Məmməd Əliyev deyib.

M.Əliyev fikrini Ulu Öndər Heydər Əliyevin prokurorluq peşəsinə verdiyi qiymətlə davam etdirib: "Ulu Öndərimiz prokurorluq peşəsi hörmətli peşə adlandirırdı. Deyirdi ki, prokurorluq hörmətli və şərəfli peşədir. "Müstəqil dövlət kimi Azərbaycan keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirir. O cümlədən, müstəqil Azərbaycanın prokurorluğu yaranır və inkişaf edir. Bu orqanın inkişaf etməsində xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli iş görür. Mən arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O, öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın. Bunun üçün böyük imkanlar var". Ümummilli liderimizdən bu sitatı gətirməklə onunla mütləq olaraq həmfikir olduğumu bildirmək istəyirəm. Qeyd edim ki, artıq Azərbaycanda güclü, yüksək səviyyəli prokuror kadrları korpusu yaranıb. Bu kadrlardan səmərəli istifadə etmək lazımdır. Hər bir prokurorluq işçisi də öz peşəsinə sadiq olmalıdır, məstəqil Azərbaycanın dövlətçiliyinə sadiq olmalıdır".

Prokuror qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların baş memarı olan Ulu Öndər Heydər Əliyevin siyasətini bu gün daha modern şəkildə inkişaf etdirən Prezident İlham Əliyevin nəzarəti altında və dəstəyi ilə görülən tədbirlər sayəsində Azərbaycan Prokurorluğu dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, insan və vətəndaş hüquqları və azadlıqlarının etibarlı qorunmasına xidmət edən sivil və demokratik bir dövlət orqanına çevrilib: "Azərbaycan prokurorluğu yarandığı gündən etibarən bütün vəzifələri uğurla həyata keçirməyi bacarıb. Prokurorluğun hüquq-mühafizə orqanları sırasında xüsusi yer tutur. Belə ki, prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayətin üstünü açmaq, Cinayət Məcəlləsinin müvafiq maddəsinə söykənərək hadisəni törətmiş şəxsin cinayətkar olub-olmadığını sübut etmək, yaxud da, törədilmiş cinayətin məzmununu aşkar etmək üçün əsas vasitədir. Ona görə də prokurorluğun işindən, yəni onun ədalətliliyindən, peşəkarlığından çox şey asılıdır. Ümid edirəm ki, Azərbaycan prokurorları öz üzərinə düşən bu məsuliyyəti dərk edir və bundan sonra öz işlərini daha da mütəşəkkil aparacaqlar".

Məmməd Əliyev müstəqil Azərbaycanın prokurorluq orqanlarının yaranmasında və inkişaf etməsində xidmət göstərən hər bir kəsə bu şərəfli yolda uğurlar arzulayıb: "Arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, ona sadiq olsun, öz adını qorusun. Belə olan halda onlar cəmiyyətin asayişi, sabitliyi keşiyində dayanmış prokurorluq orqanlarına sadiq olacaqlar".

Məmməd Əliyev həmçinin 1 oktyabr Azərbaycan prokurorlarının peşə bayramı münasibətilə prokurorluq orqanlarının bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edib, onlara öz peşələrinə sədaqətli olmağı arzulayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə