Hərbi ekspert: "Vəziyyətin gərginləşməsi müharibəyə gətirib çıxara bilər" AÇIQLAMA
"Təəssüf ki, cəbhədə gərginlik davam edir və düşmən ağır texnika və artileriyadan istifadə edir". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli söyləyib.
Ekspert bildirib ki, Ermənistanda iqtisadi böhran davam edir: "Serj Sarkisyan enerji daşıyıcılarının qiymətini qaldırdıqdan sonra əhali küçələrə axışır və dövlətə qarşı mitinqlər keçirirlər. Bununla da əhali Sarkisyanın istefasını tələb edirlər. Orduda da vəziyyət heç də yaxşı deyil. Ermənistan hökuməti əhalinin diqqətini yayındırmaq üçün cəbhədə gərginlik yaradır. Özləri də yaxşı başa düşür ki, əgər onlar müharibəyə girərlərsə, heç şübhəsiz məğlub olacaq. Çünki Azərbaycanın çox güclü ordusu var və əhalimizin döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Ehtiyat qüvvələri də Ermənistanla müqayisədə on dəfələrlə çoxdur. Biz bütün parametrlərə görə çox güclüyük. Bu cür addımların kəskinləşməsi də cəbhədəki vəziyyəti gərginləşdirə, durumu nəzarətdən çıxara və müharibə başlaya bilər. Vəziyyətin nəzarətdən çıxması isə Ermənistan tərəfdən ola bilər. Azərbaycan atəşkəsi bir dəfə pozacaq və bununla da öz torpaqlarını işğaldan azad edəcək. Bu da BMT-nin verdiyi hüquqdur. Son zamanlar Ermənistanda əsgərlərdən çox zabitlər fərrarilik edir. Hətta özləri bunu bəyan edirlər ki, Ermənistan ordusunda vəziyyət yaxşı deyil. Bu yaxınlarda Serj Sakisyanın özü də etiraf etdi ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyir. Bu cür çıxış da onların mənfur niyyətlərindən xəbər verir. ATƏT-in həmsədr dövlətlərinin BMT-nin 70-ci sesiyası gedirdi. Biz gözləyirdik ki, ABŞ, Rusiya, Fransa prezidentləri bəyanat verə və Dağlıq Qarabağ məsələsi öz həllini tapar. 21 ildir ki, sözügedən məsələdə bir addım da irəliləyiş yoxdur. Onu xüsusilə diqqətinizə çatdırım ki, əgər müharibə başlayarsa, məsuliyyət bütövlükdə Ermənistanın üzərinə düşür. Çünki 21 ildir ki, Azərbaycan atəşkəs rejiminə sadiqdir və Azərbaycanın 1 milyon qaçqını olduğu halda güzəştə gedərək sülh danışıqlarına üstünlük verir. Həmçinin bu danışıqlara vasitəçilik edən dövlətlər konkret addımlar atmamaqla məsuliyyət daşıyırlar. Bir sözlə vəziyyətin gərginləşməsi bölgədə müharibənin baş verməsinə gətirib çıxara bilər. Müharibənin də baş verməsi Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB