Əli Məsimli: "Gəlin bu şansdan Azərbaycanımız naminə maksimum istifadə edək!"
Odun sönməsin, Azərbaycan!

"Bakıda alovlandırılan Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək, insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır. Birinci Avropa Oyunlarına start verilib. Əminəm ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq". SİA-nın məlumatına görə, bu fikirləri İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli öz "facebook" hesabında yazıb.

Millət vəkili qeyd edib ki, ölkəmiz belə möhtəşəm tədbirlər üçün zəruri olan 6-7 illik işi 2 il yarıma ərsəyə gətirməklə nə qədər güclü potensiala malik olduğunu bütün dünyaya nümayiş etdirə bildi: "Bu isə Azərbaycanın müstəqil bir dövlət olaraq yeni keyfiyyətdə, daha iri miqyaslarda daha iri kateqoriyalarla təqdimatı baxımından böyük uğurdur. Birinci Avropa Oyunlarının keçirilməsi dünyanın Azərbaycana yeni baxış bucağından baxmasına gətirib çıxaracaq, idman həyatında möhtəşəm izlər qoyacaq, ölkəmizdə idmanın inkişafına, beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə özünəməxsus təkan verəcək.

Birinci Avropa Oyunları qədim tariximizi, mədəniyyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi, mətbəximizi, qonaqpərvərliyimizi, bir sözlə kimliyimizi bütün dünyaya bir daha və daha geniş miqyasda nümayiş etdirmək və Azərbaycan reallıqlarının təbliği, Qarabağ həqiqətlərinin nümayişı üçün gözəl şans yaradıb. Belə beynəlxalq yarışlar iqtisadi potensialımızı tanıtmaq və gələcək əlaqələr üçün də olduqca vacibdir. Gəlin bu şansdan Azərbaycanımız naminə maksimum istifadə edək!

İyunun 12-dən 28-dək yüngül atletika, boks, güləş, voleybol, basketbol və ilk Avropa Oyunlarına aid edilmiş digər idman növləri üzrə yarışların keçirildiyi müddətdə idmançılarımızın bu ağır mübarizədə vətənimizi layiqincə təmsil etməsini, himnimizin sədaları altında üçrəngli bayrağımızın bütün bayraqlardan ucada qərarlaşması səadətini bizlərə mümkün qədər tez-tez yaşatmasını idman həyatında möhtəşəm izlər qoymasını istərdik. Avropa Oyunları ilə əlaqədar ölkəmizə dövlət və hökumət başçıları, nüfuzlu qonaqlar, minlərlə idmançılarla yanaşı, çoxsaylı turistlər də gəlir. İdmançılar idman yarışlarında iştirak etməklə yanaşı, Azərbaycanın bölgələrinə şimal, şimal-qərb, cənub istiqamətində turlara qatılacaq. Turistlər də həm Bakıda, həm də bölgələrimizdə olacaq, görməli yerlərlə tanış olacaqlar. Birinci Avropa Oyunlarına ev sahibliyi etmək məsuliyyətli işdir. Bu işin yüksək səviyyədə təşkili ilə Azərbaycan dövləti öz gücünü ortaya qoydu. Azərbaycan cəmiyyəti də öz mükəmməlliyini, Avropanın ayrılmaz tərkib hissəsi olduğunu nümayış etdirsin, Azərbaycan gəncliyi isə yarış meydanlarında möhtəşəm qələbələrlə öz gücünü ortaya qoysun. Gəlin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən maksimum istiafadə edib bu möhtəşəm idman bayramının payımıza düşən qələbələri ilə sürətlə dəyişən dünyada gənc müstəqil dövlət olan Azərbaycanımızın inkişafını yeni mərhələyə daşıyaq!
ODUN SÖNMƏSİN AZƏRBAYCAN!!!"

Bütün xəbərlər Facebook səhifəmizdə