"İlk növbədə, Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğın hadisəsi zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verir, zərərçəkmişlərə isə Allahdan şəfa diləyirəm. Bu gün Azərbaycanda müxalifət heç bir siyasi dirəyə söykənə bilməyən, dayağı olmayan bir quruma çavrilib". Bunu SİA-ya millət vəkili Adil Əliyev məlum yanğın hadisəsindən müxalifətin öz siyasi məqsədləri üçün istifadə etməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, son zamanlar müxalifətin əli heç yerə çatmadığı üçün onlar insanların ölümü üzərindən şou düzəldərək camaatı qıcıqlandırmaq kimi müəyyən addımlar atır ki, bu da gülünc doğurur: "Çünki insanların başına hadisə gəlib və bu hadisə dünyanın hər bir yerində ola bilər. Həmin hadisəyə dövlət, dövlət başçısı səviyyəsində qiymət verildi və bununla bağlı komissiya yaradıldı. Əgər o hadisələrdə kimin günahı var idisə, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ancaq bundan şou düzəldib I Avropa Oyunları ərəfəsində Azərbaycanı qarışdırmaq kimi fikirlər sərgiləmək düşünürəm ki, yolverilməzdir və heç bir zaman da baş tuta bilməz. Çünki bu gün Azərbaycanda artıq insanlarımızın əksər hissəsi ölkə reallıqları ilə tanışdır və bununla barışır".
A.Əliyev əlavə edib ki, ölkəmizin tutduğu yol demokratik, hüquqi yoldur: "Bu gün Azərbaycan dünyaya öz arzuları, istəkləri, adət-ənənəsi ilə inteqrasiya edir. Azərbaycanın son zamanlar əldə etdiyi uğuru dünyanın heç bir ölkəsi əldə etməyib. Təbii ki, bunun da başında cənab Prezident İlham Əliyev dayanır. Xalqın əksər hissəsi, yəni 90 faizdən yuxarı əgər seçkilərdə dövlət başçısına səs verirdisə, demək insanlarımız Prezidentimizə etimad göstərir və onun siyasətini dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB