Vitse-spiker: "Həmsədr ölkələrin obyektiv vasitəçiliyi şübhə altındadır”

Vitse-spiker: "Həmsədr ölkələrin obyektiv vasitəçiliyi şübhə altındadır”

"ATƏT-in Minsk qrupu həmsədri olan ölkələrin vasitəçilik missiyasına xələl gətirən o qədər hərəkətləri olub ki, biz onları müxtəlif yöndən dəyərləndirmişik və bu fəaliyyətin məzmununun əvvəldən bitərəf olmadığını faktlarla sübut etmişik. Bu da növbəti bir sübutdur". Bunu SİA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Minsk qrupu həmsədri olan dövlətlərin qondarma "erməni soyqırımı" ilə əlaqədar Ermənistanda keçiriləcək tədbirlərə qatılmasına münasibət bildirərkən deyib.

B. Muradova bildirib ki, ermənilər 100 ildir dünyaya car çəkərək "soyqırıma" məruz qaldıqlarını bəyan edir, uydurma soyqırımlarını dünyaya qəbul etdirməyə çalışırlar: "ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsinin Ermənistanda qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirakı onların bitərəf, qərəzsiz, obyektiv həmsədr, vasitəçi olmalarına mənfi təsir göstərir və onların nüfuzunu kölgə altına alır. Eyni zamanda Dağlıq Qarabağ probleminin ədalətli həllində obyektiv mövqe tutmaları barədə inamlarını azaldır".

"Roma Papasının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərardan sonra, Avropa Parlamenti tərəfindən qəbul edilən sənəd bura daxil olan ölkələrin ayrı-ayrı nümayəndələrinin almış olduğu qərar olsa belə, bu bütün ölkələrə tövsiyə xarakteri daşıyır. Hesab edirəm ki, Fransanın bu məsələdəki mövqeyi onun həmsədrlik missiyasına da xələl gətirir. Fransa, Rusiya, ABŞ-ın müxtəlif ştatları tərəfindən qondarma "erməni soyqırımı"nı tanıyan qərarların qəbuluedilməsi bu ölkələrin obyektiv vasitəçi ola biləcəklərini şübhə altına alır. Bu dövlətlərlə əlaqələrimizi kəsəməyə deyil, əksinə onların ictimai və siyasi dairələri ilə işlərimizi daha ciddi davam etdirməyə çalışmalıyıq. Biz onlara tutduqları mövqenin yanlış olduğunu və həqiqətin yanında dayanmağın vacib olduğunu anlatmalıyıq"- deyə, B. Muradova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə