Oqtay Əsədov: “Şikayət etməkdən yorulmuşuq”

Oqtay Əsədov: “Şikayət etməkdən yorulmuşuq”

"Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən də yorulmuşuq". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bugünkü plenar iclasda səsləndirib.

Onun sözlərinə görə, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır.

"Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyib. Bundan böyük dəstək varmı? Azərbaycan nümayəndə heyəti sanksiyalar məsələsində səsini eşitdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə səs verib. Mətbuat isə yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin" – deyə, Spiker vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə