"Müsavat Partiyasının Nizamnaməsini pozmamaq şərtilə partiyanı daha da gücləndirmək üçün belə bir fraksiya yaratmaq məqsədilə Qubad bəylə bir araya gəldik və bir sıra məsələləri müzakirə etdik". Bu fikirləri SİA-ya başqanlığa namizəd olmuş Tural Abbaslı narazıların bir araya gələrək, partiyadaxili fraksiya yaratmalarına münasibət bildirərkən deyib.
Tural Abbaslının fikrincə, partiyada demokratiya istiqamətində müəyyən çatışmazlıqlar var və fraksiya bu amili aradan qaldırmaq üçün tam gücünü ortaya qoyacaq: "Müsavat Partiyasının hazırkı fəaliyyəti bir şəxsin üzərində qurulub. Düşünürük ki, belə bir fraksiya yaradılsa, bu, partiyadaxili demokrtiyanın güclənməsinə gətirib çıxaracaq. Şəxsən mən istəmərəm ki, Müsavat bir şəxsin və onu dəstəkləyən insanların rəhbərliyi ilə idarə olunsun. Siyasi partiyada fikir azadlığı, demokratik mühit, alternativ mövqe olmalıdır. Bunun üçün də bir platforma düşünürük. Rəhbərliyin atdığı addımlarla bağlı fikir mübadiləsi aparmaq lazımdır. Bunun üçün də birlik lazımdır".
Keçmiş Divan üzvü həmçinin vurğulayıb ki, yaradılan fraksiya partiyanın Nizamnaməsinə ziddlik təşkil etmir. Belə ki, Qubad İbadoğlunun tərəfdarları ilə aparılan danışıqlar da bu kontekstdə olub: "Müsavat Partiyasının Nizamnaməsi belə bir fraksiyanın yaradılmasına qadağa qoymur. Hesab edirəm ki, bu istiqamətdə danışıqlarımız uğurlu oldu".
Tural Abbaslı Qubad İbadoğlunun partiyanın MNTK-sına etdiyi müraciətə cavab veriləcəyini istisna etməsə də, fraksiyanın öz işini davam etdirəcəyini qeyd edib: "Qubad bəyin rəyinə cavab veriləndən sonra bizim frakisyanın konturları daha aydın şəkildə görünəcək. Əminəm ki, bu addım partiyanın güclənməsinə, demokratikləşməsinə müsbət təsirini göstərəcək".
Fraksiya təmsilçisi son olaraq onu da vurğulayıb ki, əslində fraksiyanın işi siyasi təşkilatı və onun rəhbərliyini sabotaj etmək məqsədi daşımır: "Bu, yalnız Nizamnamə çərçivəsində, partiya daxilində fəaliyyət göstərən bir qurum olacaq. Partiyadan kənar hərəkət etmək, partiyanın işini sabotaj etmək, rəhbərliyin atacağı addımların əleyhinə getmək məqsədimiz yoxdur. Bu, partiyadaxili müxalifət kimi daxili yarış fonuna hesablanmış addımdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB