YAP Qaradağ rayon təşkilatının yığıncağı

YAP Qaradağ rayon təşkilatının yığıncağı

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının növbəti yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, bu gün Heydər Əliyev ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı böyükdür: "Təsadüfi deyil ki, məhz ölkə başçısının təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilib və hazırda uğurla icra olunur. Dövlət Proqramı nəticəsində minlərlə gənc xaricdə təhsil alır. Bununla yanaşı, bu gün gənclər dövlət idarəçiliyində fəal iştirak edir. Təbii ki, bu da ölkə rəhbərliyinin onlara yaratdığı münbit şəraitdən irəli gəlir."

A.Hüseynov qeyd edib ki, bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi ilə əlaqədar akademiyanın elmi şurasının iclasında keçirilən tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin cəmiyyəti narahat edən bəzi problemlər barədə fikirlərini açıqlaması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanın əldə etdiyi unikal uğurlardan danışan akademik Ramiz Mehdiyev bildirib ki, respublikamızın keçmiş sovetlər birliyi məkanında keçid dövrünü uğurla başa vuran, dünya iqtisadiyyatına müvəffəqiyyətlə inteqrasiya olunan nadir ölkədir.

"Bütün bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik" deyən R.Mehdiyev bildirib ki, bu dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsini zəruri edir. Bu sahədəki uğursuzluqlardan ətraflə danışan akademik R.Mehdiyev həmçinin hazırda ölkəmizdəki kadr ehtiyatının qanedici olmadığına da diqqəti yönəldib: "Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşib. Hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir."

Bildirilib ki, R.Mehdiyev son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış

imtahanları ölkəmizdə imtahan verə bilməyən gənclərin olduğunu təəssüf hissi ilə qeyd edib. Akademik bu sahədə "xüsusi nəticələri" olan bölgələrin adlarını sadaladıqdan sonra deyib ki, bu onun göstəricisidir ki, həmin bölgələrdə mürəkkəb, gizli və latent proseslər gedir. Akademik R.Mehdiyev çox haqlı olaraq bildirib ki, təhsil müəssisələrində hicabla dərsə getmək istəyənlərin sayının artması onların daxili mənəvi təlabatından doğan istək deyil. Əksinə onları bu işə vadar edən bəzi ailələrdəki daxili mühitdir. Həmin ailələrdə azyaşlı qızlar təhsildən yayınaraq qeyri-rəsmi ailə qururlar.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov, fəal gənclər Leyla Əsədullayeva, Şahmar Hüseynov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Onlar akademik Ramiz Mehtiyevin haqlı iradlarının gənclər üçün bir impuls olduğunu vurğulayıblar. Sonra YAP Qaradağ rayon təşkilatının rəsmi veb səhifəsinin (www.yapqaradaq.org.az) təqdimatı keçirilib. Səhifə ilə əlaqədar Sədi Gözəlov ətraflı məlumat verib. Qeyd olunub ki, çoxfunksiyalı saytlar qrupuna daxil olan bu səhifə üç dildə fəaliyyət göstərəcək, elektron xidmətlər. Burada o cümlədən sənəd dövriyyəsi sistemləri tətbiq olunacaq.

Nail Rəhimzadə, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə