Hikmət Hacıyev: “Ermənistanın yalançı siması beynəlxalq ictimaiyyət tərəfindən tanınır” AÇIQLAMA

Hikmət Hacıyev: “Ermənistanın yalançı siması beynəlxalq ictimaiyyət tərəfindən tanınır” AÇIQLAMA

"Ermənistan tərəfi müxtəlif bəhanələr və təxribatçı əməllər vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına çalışır". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Vatikanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti sərsəm bəyanatına münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir: "Münaqişənin həlli üçün Ermənistan qoşunları ilk növbədə işğal olunmuş Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Bu münaqişənin həllinin əsasını təşkil edən prinsiplər BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq sənədlərdə çox açıq şəkildə təsbit olunub. Ermənistan tərəfi isə yalnız siyasi iradə göstərməli və konstruktivlik nümayiş etdirərək münaqişənin həllinə nail olmaq üçün konkret addımlar atmalıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, artıq hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara başlamaq lazımdır.

Ümumiyyətlə, Ermənistan tərəfinin öz ənənələrinə sadiq qalaraq yalan və ifrat xarakterli məlumatlarla çıxış etdiyini deyən, Hikmət Hacıyev əlavə edib ki, onların bu hərəkəti ilk növbədə Ermənistan və beynəlxalq ictimaiyyəti aldatmaq xarakteri daşıyır: "Bildiyiniz kimi, Ermənistanda ağır sosial iqtisadi vəziyyət mövcuddur və ölkə tənəzzülə doğru gedir. Bununla da işğalçı ölkədə kəskin demoqrafik durum yaşanır. Məhz bu mənada Ermənistan rəhbərliyi bu kimi şovinist, populist xarakterli bəyanatlarla ilk növbədə ölkədaxili vəziyyəti sanki sakitləşdirməyə cəhd göstərir. Ümumiyyətlə, Aərbaycan dövlətinin səyləri nəticəsində Ermənistanın yalançı siması beynəlxalq ictimaiyyət tərəfindən tanınır".

Qeyd edək ki, Vatikanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti sərsəm bəyanat verib. O bildirib ki, münaqişənin həlli çox çətin məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə