Əli Həsənov: “Lobbiçilik, diaspora işlərinə daha çox diqqət ayrılmalıdır”
"Hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumu"nda çıxışı zamanı deyib.
O, təəssüf hissi ilə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi: "Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. Bu gün gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. 300-dən artıq dövlət qeydiyyatına alınmış gənclər təşkilatımız mövcuddur.
Bu gün həmin təşkilatlardan birinin - ASAİF-in növbəti forumudur. Xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması bizim üçün önəmli məsələlərdəndir. Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılmışdır. Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur.
Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar. Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə təsir edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdırlar. Yeni çağırışlar və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün, gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır. Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimin üzərinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspora işlərinə daha çox diqqət ayırmalıdır".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB