Müşviq Ələsgərli: "Piarı aparılmayan layihənin icrası mümkün deyil" Müsahibə
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərlinin SƏS TV-yə müsahibəsi:
- USAID-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi məsələsi ciddi rezonans doğurub. Maraqlı məqam isə odur ki, bununla bağlı əvvəlcədən heç bir mətbuata elan göndərilməyib. Bu nə dərəcədə düzgündür?
- Sözün düzü bu məsələni mən də mətbuatdan oxumuşam. Hələlik qarşı tərəfin mövqeyi açıqlanmadığına görə informasiyanın nə dərəcədə düzgün olub-olmaması dəqiq deyil. Ümumilikdə, son zamanlar Azərbaycanda mətbuat sahəsində müşahidə olunan proseslərə nəzər salmaq istərdim. Mövcud fakt öz əksini tapmasa belə, ölkəmizə bu cür yanaşmaların tez-tez şahidi oluruq. Donor təşkilatlarının medianın inkişafı ilə bağlı qrant layihələr həyata keçirməsi əslində normaldır. Çünki bu qanunvericilikdə də öz əksini tapıb. Lakin problemin mahiyyəti bu prosesin gizli şəkildə həyata keçirilməsidir. Çıxışlarımın əksəriyyətində bu cür donor təşkilatlarının gizli addımlarını dəfələrlə qabartmışam. Rəhbərlik etdiyim Jurnalistlərin Həmkarlar İttifaqı 15 ildir ki, fəaliyyət göstərir və biz də müxtəlif qrantlar almışıq. Eyni zamanda hazırda iri məbləğli layihələri icra edirik.
Bildiyimiz kimi, layihələr mətbuata 2 formada- müsabiqəli və müsabiqəsiz təqdim olunur. Təbii ki, bütün işlər tam şəffaf şəkildə həyata keçirilir. Bununla yanaşı, əvvəlcədən bütün KİV-lərdə müsabiqə ilə bağlı elanlar verilir. İkinci variant isə sifarişli layihələrdir. Bu iki formada beynəlxalq aləmdə öz əksini tapmış məsələdir. Digər tərəfdən isə mütləq şəkildə donor təşkilatı müsabiqə barədə elan verməklə yanaşı, bunun piar kampaniyasını da aparmalıdır. Təəssüf ki, bu gün Azərbaycanda elə faktlar ortaya çıxır ki, bir çox QHT və media qurumları layihələr barədə hesabat vermirlər. Əgər bir layihə geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırılmırsa, o zaman bu kimə lazımdır? Ona görə də bu sahədəki problemlər günü-gündən artmaqdadır. Hesab edirəm ki, bu sahədə ciddi ölçülər götürməyə ehtiyac var. Bir faktı da xüsusi vurğulayım ki, son vaxtlar sifarişli layihələrin sayında artım müşahidə olunur. Dünyanın heç bir yerində dövlət strukturlarının icazəsi olmadan və ya əvvəlcədən piarı aparılmayan hər hansı bir layihənin icrası mümkün deyil. Beynəlxalq praktikada olmayan halların Azərbaycanda tətbiq olunması onu göstərir ki, hansısa qüvvələr qaranlıq qalan işlərlə məşğul olmağa maraqlıdırlar.
- Müsabiqənin gizli aparılmasında əsas məqsəd müxalifət mətbuatının maliyyələşdirilməsi məsələsi ola bilər?
- Bizdə müxalifət mətbuatı anlayışı şərti xarakter daşıyır. Əgər həmin təşkilatların niyyəti pisdirsə, o zaman bunu istənilən yolla həyata keçirmək olar. Onsuzda Azərbaycanda hər hansı bir KİV qurumu təsis etmək çox asandır. Qanunvericiliyə görə sadəcə Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir. Demək olmaz ki, burada tək məqsəd müxalifət qurumunu maliyyələşdirməkdir, eyni zamanda donor təşkilatlarının siyasi maraqlarını kimlərin vasitəsi ilə həyata keçirməkdir. Əsas məqsəd işlərin şəffaf şəkildə aparılmamasıdır və tez bir zamanda da bunun qarşısı mütləq alınmalıdır.
- Müsabiqənin şərtinə görə layihəni icra edən media qurumu və ya jurnalist təşkilatı adını gizli saxlamalıdır. Bu nədən xəbər verir?
- 15 illik layihələri icra etmək təcrübəsi baxımından deyə bilərəm ki, istər beynəlxalq donor, istərsə də yerli təşkilatlardan alınan layihələrdə 2 şərt əsasdır. Belə ki, əvvəlcədən layihənin piar kampaniyası qurulmalı və bu, mütləq şəkildə ictimaiyyətə çatdırılmalıdır. Bu şərtlər yoxdursa, onda heç bir layihənin icrasından söhbət gedə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB