Elman Nəsirli: “Putin SSRİ-nin bərpasına Ukrayna siyasəti ilə başlayıb” PROQNOZ
"Məsələ ondadır ki, 2010-cu ildə Gömrük İttifaqının əsası qoyularkən, yəni buraya Rusiya ilə yanaşı, Belarus və Qazaxıstanın daxil olması reallaşdırıldıqdan sonra, artıq bu fikirlər yer almağa başladı ki, Vladimir Putin daha böyük, daha qlobal fəaliyyət göstərmək iddiasındadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının iclasının keçirilməsinə və sonrakı proseslərin Azərbaycana hansı təsir göstərə biləcəyi faktorlarına münasibətini bildirərkən deyib.
Elman Nəsirlinin fikrincə, əslində, bu, Rusiya prezidentinin yürütdüyü siyasətin mühüm tərkib hissəsidir: "Onun "İzvestiya" qəzetinə məlum və məşhur müsahibəsində həm Gömrük İttifaqı, həm də Avrasiya İttifaqından bəhs edilib. Putin bildirib ki, bu ittifaqların yaradılması heç də SSRİ-nin bərpası anlamını daşımamalıdır. Onun məntiqinə görə, əslində, Avrasiya İttifaqının fəaliyyətini Avropa İttifaqının fəaliyyəti kimi görmək istəyir və burada başqa heç bir motiv axtarmaq lazım deyil. Bu zaman onun digər məşhur bir fikri səslənmişdi ki, kimlər ki, Sovet İttifaqının dağılmasından təəssüf hissi keçirməyiblərsə, onların ürəyi yoxdur, kimlərsə də Sovet İttifaqının bərpasını istəyirlərsə, buna çalışırlarsa, onların beyni yoxdur. Yəni hər iki fikir məhz Vladimir Putinə mənsubdur. Belə olan təqdirdə heç şübhəsiz ki, onun Gömrük İttifaqını genişləndirmək, yəni oraya Ermənistan və Mərkəzi Asiyadan olan ölkələri də cəlb etməklə genişləndirmək planı açıq şəkildə görünür".
Politoloq 2015-ci ilin yanvar ayının 1-dən etibarən Avrasiya İttifaqının yaradılması, eyni zamanda onun işə, fəaliyyətə başlamasını xatırladaraq bildirib ki, bu amil dünyada birmənalı olaraq qarşılanmayıb. Belə ki, bir çox Qərb mətbuatında, Qərb strateji mərkəzlərində də belə düşüncə tərzi formalaşıb ki, əslində, başqa ad altında Avrasiya İttifaqını yaradan Putin burada Sovet İttifaqını bərpa etməyə cəhd göstərir: "Ona görə də onun söylədiyi "ürək" və "beyin"lə bağlı fikirləri həqiqəti əks etdirmir. Yəni SSRİ-ni başqa ad altında bərpa etmək istəyir. Bu, onun strateji niyyətidir. Artıq belə yanaşmalar xeyli genişlənib".
Elman Nəsirli bu günlərdə Brüsseldə Avropa İttifaqı dövlət rəhbərlərinin toplantısının baş tutacağını və orada Rusiyaya qarşı addımların atılacağı barədə də xatırlatma edib və bildirib ki, bu müddətdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında müzakirələr gedəcək: "İlkin versiyaya görə, burada dörd variant nəzərdən keçirilir. Birincisi, yumşaq sanksiyalar, ikincisi, orta səviyyəli sanksiyalar, üçüncüsü ağır sanksiyalar, dördünücüsü isə ümumiyyətlə, Rusiyaya qarşı heç bir sanksiyanın qəbul edilməməsi amildir. Ona görə də düşünmək olar ki, hər şey, bundan sonrakı proseslər də məhz Rusiyanın davranışından sonra məlum olacaq. Hələ ki, onun Ukraynada atdığı addımları göz qabağındadır. Rusiyanın Ukraynanın Cənub-Şərqində yürütdüyü siyasət Qərbdə çox mənfi qarşılanıb və iddia olunur ki, Vladimir Putin SSRİ-nin bərpasına Ukraynaya yönəlik siyasəti ilə başlayıb. Ona görə də hesab edirəm ki, Avrasiya İttifaqı ilə məsələnin reallaşacağı təqdirdə Azərbaycana da bunun müəyyən təsiri ola bilər. Ancaq təbii ki, Rusiya onun fərqindədir ki, Cənubi Qfqaz regionunun lider dövlətinin təmsil olunmadığı bir təşkilat lazımi səviyyədə fəaliyyət göstərə bilməz. Azərbaycanın da bu məsələdə mövqeyi bəllidir. Azərbaycan işğqalçı Ermənistan dövləti ilə bir təşkilatda heç bir halda birgə fəaliyyət göstərə bilməz, bu, mümkün hal deyil".
Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı təcrid siyasəti həyata keçirdiyini deyən politoloq ölkəmizin Gömrük İttifaqında, Avrasiya İttifaqında belə bir təcavüzkar ölkə ilə bir yerdə təmsil olacağı zaman həmin təcrid siyasətindən imtina etmiş olacağını da xatırladıb: "Ona görə də hesab edirəm ki, Moskvanın Azərbaycandan inciməyə, narazı qalmağa heç bir ciddi əsası yoxdur. Top Rusiya tərəfdədir və Rusiya Ermənistanın işğalçılıq siyasətinə son qoya bilər. Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılması, eyni zamanda yeddi rayonun işğaldan azad edilərək Azərbaycana qaytarılması ilə bağlı siyasəti həyata keçirərsə, özünün satelliti olan Ermənistanın bu istiqamətdəki mövqeyini dəyişərsə, Ermənistanın aqressiyasına son qoyularsa, məhz bu halda mövcud vəziyyətə yeni siyasi baxışla baxmaq mümkündür. Beləliklə, hər şey məhz Rusiyanın davranışından asılıdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB