Siyavuş Novruzov: “Leyla Yunus çalışır ki, onu və həyat yoldaşını həbs etsinlər" MÜSAHİBƏ

Siyavuş Novruzov: “Leyla Yunus çalışır ki, onu və həyat yoldaşını həbs etsinlər" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfər etdi. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərlə bağlı nələri deyə bilərsiniz?

- Ümumilikdə Azərbaycanın bütün ölkələrlə, eyni zamanda qonşuları ilə, Şərqi Avropa və MDB-yə daxil olan dövlətlərlə çox yaxşı münasibətləri var. Təbii ki, cənab Prezidentin Çexiyaya işgüzar səfəri də bilavasitə Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində iştirakı ilə bağlı idi. Həmin tədbirdə dövlət başçısı nəinki Çexiya, eləcə də Moldova, Polşa, Gürcüstan prezidentləri ilə də bir sıra ikitərəfli görüşlər keçirdi. Təbii ki, bu da dövlətlərimiz və ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşmasına xüsusi xidməti olan addımlardır. Bu gün Azərbaycan regionun aparıcı dövləti kimi, dünyanın diqqət mərkəzindədir. Azərbaycanda olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, ölkəmizdə aparılan islahatlar bütün dünyanın diqqətini cəlb edir. Məhz buna görə də ayrı-ayrı iri beynəlxalq təşkilatlar, qurumlar ölkəmizin orada iştirak etməsinə çox ciddi cəhdlər göstərirlər. Onlar çalışırlar ki, Azərbaycan bütün beynəlxalq konfranslarda, tədbirlərdə iştirak etsin və ikitərəfli əlaqələrin inkişafına əlverişli zəmin yaransın. Bu baxımdan mən bu səfəri çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, ölkəmizin gələcəyi və Avropa İttifaqı ilə bundan sonra da əməkdaşlığın davam olunması üçün növbəti bir addımdır.

- Dövlət başçısı Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində də iştirak etdi. Ermənistan prezidenti Serj Sarkisyan sammitdə çıxışı zamanı Qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirərək Türkiyənin ünvanına ittihamlar səsləndirdi. Siz bu məsələləri necə xarakterizə edərdiniz?

- Ermənistan prezidenti Serj Sarkisyan burada bütün çıxışını qondarma "soyqırımla" bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən sui-istifadə etdiyini deyib. Qeyd edib ki, "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!". Hesab edirəm ki, bu bir daha Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsidir. Ermənistan dövləti neçə illərdir ki, qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirir. Təbii ki, bu yalan və böhtandır. Belə bir şey heç bir zaman olmayıb. Baxmayaraq ki, Türkiyə rəhbərliyi guya bu hadisənin olması ilə bağlı və münasibətlərin müəyyən qədər yumşadılmasına xidmət edəcək bir jest (Ermənistana başsağlığı verdi) etdi. Amma bu heç də erməniləri "soyqırımı" iddiasından çəkindirməyəcək. Çünki işğalçı ölkənin məkrli niyyəti var. Təbii ki, bu niyyətlə də bağlı onlar 100 ilə yaxındır ki, mübarizə (ayrı-ayrı dövlətlərin parlamentində və s.) aparırlar. Əslində ermənilər tərəfindən türklərə, o cümlədən Azərbaycanlılara qarşı əsrlər boyu soqyırımı siyasəti yürüdülüb, insanlarımıza qarşı cinayət əməlləri törədilib, qocalar, uğaqlar, qadınlar qətlə yetirilib. Biz buna nümunə kimi 20-ci əsrin ən böyük faciəsi Xocalı soyqırımını göstərə bilərik. Bundan başqa Azərbaycan ərazilərinin işğal olunması, orada olan insanların başlarına ermənilər tərəfindən olmazın müsibətlərin gətirilməsi, didərgin salınması, sürgün olunması və s. tarixi faktlarla, şəkillərlə sənədləşdirilib. Bu mənada Ermənistanın dediklərinin hər biri mifdir və yalandır. Həmin yalan isə ondan ibarətdir ki, Türk ordusu II Dünya Müharibəsinə qoşulduğu bir anda ermənilər arxadan satqınçılıq edərək və öz ənənələrinə sadiq qalaraq Türkiyə dövlətinə qarşı xəyanət ediblər. Onlar Türkiyə vətəndaşlarına qarşı terror hadisələri (məscidləri partladırdılar, uşaqları öldürürdülər, evlərə basqın edirdilər və s.) həyata keçiriblər. Təbii ki, bunun nəticəsi olaraq da qarşılıqlı müharibə olub. Beləcə, onlar bunu soyqırımı səviyyəsinə gətirib çıxarmaq istəyirlər. Türkiyə-Azərbaycan maraqları eynidir. Necə ki, vaxtilə Türkiyə Azərbaycanın əraziləri – Dağlıq Qarabağ işğal olunanda Ermənistanla sərhədləri bağladı, hesab edirəm ki, bu gün də həmin qarşılıqlı münasibətlər davam etdirilir.

- Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov istintaq təcridxanasında bildirib ki, "əgər mən həbs olunmuşamsa, mənim kimi Arif Yunus və onun yoldaşı Leyla Yunus da saxlanılmalıdır. Çünki bizim hər birimiz bütün tədbirlərdə eyni fikirdə olmuşuq və iştirak etmişik". Siz buna necə baxırsınız?

- Hərdən görürsünüz ki, mətbuatda və ayrı-ayrı partiyalarda da heç bir məsələdən və məsələnin mahiyyətindən, mövzusundan, əhəmiyyətindən və onun əhatə dairəsindən, cinayət törətməsindən və s. asılı olmayaraq dərhal onun müdafiəsinə qalxırlar. Təbii ki, müdafiə hər zaman olmalıdır. Amma hər bir məsələnin mahiyyəti açılmalıdır. Bu gün əgər dövlət və dövlətimizin təhlükəsizlik orqanları hər hansı bir addım atırlarsa, bunlar heç təsadüfi deyil. Təbii ki, bunun kökü və mənbəyi var. Hazırda jurnalist Rauf Mirqədirovla bağlı istintaq gedir və ona təsir etmək də olmaz. Hələ heç kim bilmir ki, bu məsələnin axırı necə olacaq. Onlar indidən hər bir məsələyə qiymət verirlər. Mənə maraqlıdır, əgər Rauf Mirqədirov olmasa başqa birisinin cinayətləri sübuta yetirilərsə, onda hansı fikirlər irəli sürüləcək? Yəni, dəfələrlə biz bunun şahidi olmuşuq. İndiki dövr çox həssas bir dövrdür. Belə ki, regionda müxtəlif hadisələr baş verir. Bu elə hadisələrdir ki, Azərbaycan heç bir zaman öz ayıq-sayıqlığını itirməməlidir. Bu gün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı insanlar, ziyalılar dövlətin ətrafında olmalıdır. Onlar Azərbaycanın müstəqilliyinin qorunmasında bacardıqlarını etməlidir. Amma çox təəssüf ki, biz bunun tamamilə əksini görürük. Şahidi oluruq ki, həmin adamlar daha da qızışırlar. Çünki onlar eyni mənbədən istiqamətlənirlər. Məsələn, bir qrup Krıma gedərək oradakı proseslərə qoşulmaq niyyətində idi. Axı onlar Krımda gedib nə edə bilərdilər? Bu heç də onlara dəstək deyil, əksinə provakasiyaya hesablanmışdı. Beləcə, onlar başqa bir dövlətin diqqətini Azərbaycana yönəltməyə çalışırlar.

- Leyla Yunus Ermənistanla Azərbaycanı müqayisə edərək bildirib ki, guya, işğalçı ölkədə olan demokratiya Azərbaycanda mövcud deyil. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın müqayisə edilməsi nə dərəcədə düzgündür?

- Leyla Yunusdan başqa heç nə gözləməyə də dəyməz. Çünki bu insan birmənalı olaraq ermənidir. Bu insan erməni olaraq da hər bir fikri, hərəkəti ilə provakasiya yaratmaq istəyir. Leyla Yunus özü də dəfələrlə deyib ki, mən erməniyəm və erməni olaraq da Azərbaycanda yaşayıram. Təbii ki, bu insanın əməlləri ilə bağlı kifayət qədər sənədlər də var. Bunlar erməni mənşəlidirlər. Onlar Azərbaycanda da bu təşkilatları (xüsusilə ermənilərin təhriki ilə) yaratmaqla ölkə daxilində dövlətimizin imicinə ziyan vurmaqdan ötrü belə addımlar atırlar. Hesab edirəm ki, bunlarla da məsələ bitməlidir. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Düşünürəm ki, hüquq-mühafizə orqanları da bunlar haqqında ölçü götürməlidir. Biz Leyla Yunusun müdafiə etdiyi insanların siyahısına baxsaq görərik ki, orada bir nəfər də olsun azərbaycanlı müəllim, həkim, mühəndis və digər peşə sahibi yoxdur. Onun siyahısında ancaq vətənə xəyanət edənlər, Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd göstərənlər, ölkəmizdə terror aktlarını həyata keçirənlər və digərləri dayanır. Dəfələrlə digər hüquq-müdafiə təşkilatları onun Avropa Şurasına göndərdiyi siyahıların hamısının yalan olduğunu, bir hissəsinin pul üzərində qurulduğunun və s. şahidi olublar. Bu insan mərkəzləşdirilmiş erməni təşkilatları tərəfindən maliyyə alır. L.Yunus bu aldığı maliyyə yardımları nəticəsində Azərbaycanda provakasiya etməyə səy göstərir. Bu insan çox ciddi cəhdlə çalışır ki, onu və həyat yoldaşı Arif Yunusu həbs etsinlər. Onlar ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Cəhd edirlər ki, onları qısa müddətli də olsa həbs etsinlər, onlar da var gücləri ilə qışqırsınlar ki, Sülh və Demokratiya İnstitunun rəhbərini Azərbaycanda həbs edirlər. Təsadüfi deyil ki, dünyada, xüsusən də regionda qarşılıq yaranan kimi Leyla Yunuslar ortaya çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə