Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar siyasət komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov gündəlikdə duran məsələ haqqında məlumat verib, martın 31-nin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb.
Diqqətə çatdıırlıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı mühüm tarixi sənəddir. Həmin sənəddə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi öz əksini tapıb.
Daha sonra YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsi, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir: "1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanılıb. 31 mart 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi ilə erməni quldurları Bakıda azərbaycanlıları kütləvi şəkildə qırmağa başlayıblar. Bu vəhşilik nəticəsində 12 min şəhər sakini məhv edilmişdir. Bakıdan sonra bu cür zorakılıq aktları Şamaxıda, Qubada, Naxçıvanda, Zəngəzurda, Qarabağda və başqa bölgələrdə davam etdirilib.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin bu soyqırımılarının ifşası ilə ideyalarını Azərbaycan Prezidenti İlham Əliyev prinsipiallıqla davam etdirməkdədir: "Hazırda Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, erməni millətçiliyinin və onun təcavüzkar siyasətinin ifşası, ölkəmizin ədalətli mövqeyinin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmaqdadır. Dövlətimizin iqtisadi potensialı, siyasi qüdrəti artdıqca, beynəlxalq nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və siyasi dairələrin də sayı artır".
Sonda isə müzakirələr aparılıb. Qərara alınıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı təbliğat işi daha da genişləndirilməli, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB