Əfqanıstan Azərbaycana biznes-forum təşkil etməyi təklif edir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan xarici işlər naziri Zarar Əhmad Osmanla görüşüb
Əfqanıstan Azərbaycana biznes-forum təşkil etməyi təklif edir

Bu gün Bakıda səfərdə olan Əfqanıstan xarici işlər naziri Zarar Əhmad Osmanla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Ardınca XİN rəhbərləri media nümayəndələri üçün mətbuat konfransı keçiriblər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, görüşdə həmçinin əfqanıstanlı həmkarını Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişatı ilə bağlı məlumatlandırıb: "Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, Əfqanıstanın Bakı-Tiflis-Qars layihəsindən istifadəsi imkanları, konkret olaraq 2015-ci ildən sonra Əfqanstandan Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin daşınması sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər. Danışıqlarda həmçinin təhsil sahəsində əməkdaşlıq, Azərbaycan tərəfindən Əfqanıstanda energetika sahəsinə investisiyaların yatırılması məsələləri nəzərdən keçirilib".

Nazir əlavə edib ki, Əfqanıstan tərəfi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes-forum təşkil etməyi təklif edib.

Əfqanıstan XİN başçısı qeyd edib ki, bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb: "Görüş zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Əfqanıstanın mövqeyini hər zaman dəstəkləyir".

Əfqanıstanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyən Zarar Əhmad Osman deyib ki, Azərbaycan xarici işlər naziri E.Məmmədyarovla görüş də çox faydalı keçib: "Bizi ikitərəfi maraqlandıran məsələlər ətrafında müzakirələr apardıq. Bu səfər və əməkdaşlığın genişləndirilməsi iki ölkəyə və bütövlükdə regiona fayda verəcək".

Əfqanıstan XİN rəhbəri deyib ki, ölkəsi Bakı-Tiflis-Qars layihəsinə qoşulmaqla Türkiyə və Gürcüstana çıxış əldə etmək istəyir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin hər zaman Əfqanıstan tərəfindən dəstəkləndiyini vurğulayan Zarar Əhmad Osman deyib ki, Əfqanıstan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrasına tərəfdardır.

Bütün xəbərlər Facebook səhifəmizdə