Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı YENİLƏNİB

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və bir sıra media qurumlarının rəhbərləri iştirak ediblər.

Mərasimi giriş sözləri ilə açan fondun rəhbəri Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, KİVDF jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir: "Jurnalistlərin son illərdə göstərdiyi fəaliyyət göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biri də bu il keçirdiyimiz Novruz Bayramı ilə bağlı yazı müsabiqəsidir. 2014-cü il üçün Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə ümumilikdə 96 yazı təqdim olunub. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 10 müsabiqə iştirakçısı həvəsləndirici mükafata layiq görülüb".

Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Palitra" qəzetinin müxbiri Fuad Hüseynzadə, "İki sahil" qəzetinin müxbiri Məhərrəm Əliyev, "Yeni Azərbaycan" qəzetinin müxbiri Hülya Məmmədli, "Səs" qəzetinin baş redaktor müavini Fətulla Həsənov və digərləri olub.

Mükafatı qaliblərə Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və digər rəsmilər təqdim edib.

Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycan dövləti iqtidarlı, müxalifətli, hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır: "Əlbəttə, Azərbaycan jurnalistini dövlətinə qarşı, Azərbaycanın milli maraqlarına qarşı çevirmək cəhdləri də olur. Təəssüflər olsun ki, bəzi dövlətçilik təfəkkürü zəif olan insanlar müəyyən müddət o cərəyanlara qoşula da bilirlər, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət verər, tarix verər. Azərbaycan Prezidenti dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, nə olursunuz olun, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir vətənimiz var, o da Azərbaycandır. Dünyanın hansı ölkəsinə getsəniz, sizi millətlərin nümayəndələrindən fərqləndirən azərbaycanlı olmağınız olacaq, azərbaycançılıq məfkurəsini daşımağınız olacaq. Siz dünyada yalnız bir azərbaycanlı kimi uğur qazana bilərsiniz. Siz Azərbaycan vətəndaşı olaraq yalnız azərbaycançılıq nümunəsini yarada və azərbaycanlı olmanızla da fəxr edə bilərsiniz. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bundan artıq nə ola bilər?".

PA rəsmisi bildirib ki, jurnalistlər yaradıcı insanların ən aktiv təbəqələrindən biridir. Ümummilli liderimiz Heydər Əliyev jurnalist əməyini həmişə fərqləndirirdi: "Əgər Həsən bəy Zərdabi Azərbaycanda milli mətbuatının əsasını qoydusa, Ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatı üzərindən bütün tənzimləmə və təsir mexanizmlərini yığışdırdı, onu dinamik inkişaf yoluna çıxardı və milli mətbuatın hərtərəfli inkişafı üçün əlindən gələni etdi. 1998-ci il avqustun 6-da Azərbaycanda sözün həqiqi mənasında azad sözün təməli qoyulub. Heydər Əliyev deyirdi ki, "jurnalist əməyi fədakarlıq tələb edən əməkdir". Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistikaya münasibəti haqqında çox danışmaq olar. Sizin hər biriniz bilirsiniz ki, cənab İlham Əliyev prezident seçildikdən sonra nəinki Heydər Əliyevin əsasını qoyduğu demokratik ənənələrini davam etdirdi, eləcə də milli jurnalistikaya, yaradıcı insanlara Azərbaycan dövlətinin diqqət və qayğısını tam gücü ilə nümayiş etdirdi. Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlarla, jurnalistlərin sosial-müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə ardıcıl tədbirlər həyata keçirdi, Azərbaycan mediasına dövlət dəstəyinin göstərilməsinə başladı. Bu müsabiqə jurnalistlər üçün təkcə yarış mühiti yaratmaq deyil, eyni zamanda, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən aksiyadır".

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qalibləri təbrik edib və KİVDF-nin gördüyü işləri müsbət dəyərləndirib: "Deyə bilərəm ki, KİVDF-nin təşkil etdiyi müsabiqəyə təqdim olunan yazıların keyfiyyətində kifayət qədər irəliləyişlər var. Artıq Azərbaycan jurnalistləri bu sahədə daha da təcrübələniblər".

Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilib.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə