Elman Nəsirli: "Danışıqlar prezidentlərin görüşünə hədəflənib"

Elman Nəsirli: "Danışıqlar prezidentlərin görüşünə hədəflənib"

"Son dövrdə xarici işlər nazirləri səviyyəsində təmaslar artıb. Bu mənada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə dünən baş tutan görüşünü qeyd edə bilərik. Bu gün isə həmsədrlərin Moskvaya səfəri planlaşdırılır. Erməni mətbuatının yaydığı xəbərə görə, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan da həmin görüşdə iştirak edəcək. Bütün bunlar təsdiq edir ki, münaqişənin həlli ilə bağlı intensivlik artır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi politoloq Elman Nəsirli martın 10-da Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun həmsədrlərlə görüşünün nəticələrini şərh edərkən deyib.

O bildirib ki, bu intensivlik hələlik, kəmiyyət baxımından diqqəti cəlb edir: "Keyfiyyət baxımından isə ortada heç bir dəyişiklik yoxdur. Nəzərə alsaq ki danışıqlar məxfi xarakter daşıyır və detallar açıqlanmır, ancaq nəticə etibarı ilə bu dəfə baş tutan danışıqlar prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsinə hədəflənib. Çünki Vyanada baş tutan əvvəlki görüşdə nəzərə alınmışdı ki, qarşıdakı müddət ərzində prezidentlər səviyyəsində görüş olacaq. Həmin görüş Soçi olimpiadası çərçivəsində nəzərdə tutulmasına baxmayaraq, Ermənistanın məlum mövqeyi səbəbindən görüş alınmadı. Ona görə də prezidentlər səviyyəsində görüşün baş tutmasına ciddi cəhdlər edilir".

Politoloqun fikrincə, həmsədrlər belə görüşlərin keçirilməyəcəyi təqdirdə hadisələrin nəzarətdən çıxması ehtimalının artacağını bilirlər: "Xüsusilə də yanvarın 20-dən etibarən təmas xəttində ermənilər tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması buna dəlalət edir. Proseslər müharibə ssenarisi üzrə inkişaf edə bilər. Həmsədrlər isə bu ssenarini heç cür qəbul edə bilmirlər. Onlar hesab edirlər ki, bu şərait onların nəticəsiz fəaliyyətinə ciddi zərbə olar. Buna görə də atəşkəs rejiminin qorunub saxlanılmasını özlərinin nailiyyətləri kimi qələmə verirlər. Bu baxımdan E. Məmmədyarovun Parisdə apardığı danışıqlarda da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün son vəziyyət müzakirə olunub. Son vəziyyət isə onunla xarakterizə olunur ki, Ermənistan tərəfi Azərbaycanı guya atəşkəs rejimini pozmaqda ittiham edir. Bu da təbii ki, danışıqlar prosesində müsbət tendensiyalara gətirib çıxarmır, əksinə bu tendensiyanın qarşısını alır".

Amerikalı həmsədr Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin Krım hadisələri çərçivəsində həllinin mümkün olması fikrinə də aydınlıq gətirən Elman Nəsirli vurğulayıb ki, həmsədr Krım məsələsi ilə bağlı dəqiq detalları açıqlamayıb: "Bir faktı qeyd edim ki, Krım məsələsi ilə bağlı Ermənistan tərəfi ciddi cəhdlə oradakı prosesləri öz xeyirlərinə yozmaq istəyir. Xüsusilə də Rusiya prezidenti Vladimir Putin martın 4-də xarici KİV-lərə verdiyi müsahibəsində belə bir fikir səsləndirdi ki, xalqların öz müqəddəratını təyin etmək hüququ onların əlindən alınmayıb və hüquqdan heç də imtina olunmayıb. Bu da beynəlxalq sənədlərdə öz əksini tapmış prinsipdir".

"Vladimir Putin bununla Krımda çoxluq təşkil edən ruslara işarə verib. Ermənistan siyasətçiləri isə bundan bəhrələnmək istəyirlər. Onlar eyni zamanda qeyd edirlər ki, guya bununla, həm də Dağlıq Qarabağa işarə edirlər. Yəni Dağlıq Qarabağdakı ermənilər də öz müqəddəratını təyin edə bilərlər. Bununla da hadisələri Krımdakı vəziyyətlə paralel şəkildə həyata keçirmək istəyirlər. Krım və Dağlıq Qarabağ müstəqilliyi arasında harmoniya tapmaq istəyirlər. Bu isə tamamilə əsassızdır"- deyə, politoloq məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə