Rustavidə Xocalı qurbanları yad edilib

Rustavidə Xocalı qurbanları yad edilib

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində "İrəli Borçalı" İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Borçalı İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov Xocalı faciəsi barədə məlumat verərək, son iki əsr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında tarixi faktlardan misallar çəkib.

Qardabani şəhərinin meri Leyla Bendeliani 1992-ci ilin fevralında Xocalıda dəhşətli faciə törədildiyini, Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirib. O, Qafqazda sağlam münasibətlərin bərqərar olmasını və insanlığa yaraşmayan belə vəhşiliklərin bir daha təkrarlanmamasını arzulayıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu vurğulayıb və ermənilərin bu vəhşiliyi törətməklə öz məqsədlərinə çata bilmədiklərini, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağını, haqq-ədalətin zəfər çalacağını bildirib. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq bir çox dövlətin, ABŞ-ın ayrı-ayrı ştatlarının Xocalı hadisələrini soyqırımı kimi tanıdıqları vurğulanıb.

Professor Gela Xutsişvili, gənc alim Aygül İsayeva, "İrəli Borçalı" İctimai Birliyinin icraçı katibi Elşən Vəliyev, təşkilatın fəallarından Aybəy İsayev, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Tamar Lamparadze, Gürcüstan Xalqlar Dostluğu Assosiasiyasının sədri Avtandil Maruaşvili və başqaları belə dəhşətli faciələrin təkrar olunmaması, ədalətin təntənəsi naminə gücləri birləşdirməyin vacibliyindən danışıb, beynəlxalq ictimaiyyətin bu hadisəyə obyektiv qiymət verməli olduğunu qeyd ediblər.

Tədbir iştirakçıları "Xocalı, bir şəhərin faciəsi" filminə, soyqırımının əks olunduğu fotosərgiyə baxıblar, Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilən kitablarla tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə