YAP “Xocalı soyqırımı və beynəlxalq ədalət prinsipi” mövzusunda tədbir keçirib YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Xocalı soyqırımı və beynəlxalq ədalət prinsipi" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri Səməd Seyidov, Eldar İbrahimov və YAP-ın Beynəlxalq Əlaqələr Komitəsinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova tarix boyu Azərbaycan torpaqlarına göz dikmiş mənfur erməni millətçilərinin öz məqsədlərinə nail olmaq üçün insanlığa sığmayan cinayətlər törətdiklərini deyib. 1992-ci ilin fevral ayında erməni faşistləri növbəti cinayətlərini Azərbaycanın qədim tarixə malik olan Xocalı şəhərində həyata keçiriblər. Dinc mülkü əhalinin - qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və meyitlərin təhqir olunması ermənilərin əsl quldur simasını büruzə verib. Ermənilərin Xocalıda törətdikləri qətliam sadəcə olaraq münaqişə zamanı baş vermiş kütləvi qətl hadisəsi deyildir. Bu soyqırımı düşünülmüş şəkildə həyata keçirilib. İnsanları vəhşiliklə öldürüb cəsədləri tanınmaz hala salmaqla ermənilər vahimə yaratmaq istəyirdilər ki, azərbaycanlılar qorxsun və ata-baba yurdlarını qoyub qaçsınlar. Lakin Azərbaycan xalqı nəinki qorxmayıb, əksinə daha da mətinləşib. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə erməni işğalının qarşısı alınmış və beynəlxalq vasitəçilərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə başlanılıb.
Bildirilib ki, bu gün Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi dünya birliyində tanıdılması istiqamətində böyük iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət!" kampaniyası artıq öz bəhrəsini verməkdədir. Kampaniya çərçivəsində Avropa ölkələrində və Amerikada keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin düzgün və obyektiv məlumat almasına səbəb olub.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, beynəlxalq siyasətdə alətə çevrilmiş Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq prosesi ləngitməyə çalışır. Beynəlxalq aləmdə mövcud olan ikili standartlar siyasətindən danışan Z.Əsgərov qeyd edib ki, artıq Azərbaycan 20 il əvvəl olduğu kimi zəif deyildir. Bu gün Azərbaycan Prezidentinin reallaşdırdığı siyasi kurs ölkəmizin iqtisadi qüdrətini artırıb, ordumuzu gücləndirib. Ermənistanda isə vəziyyət 20 il əvvəlkindən daha pisdir. Bu dövlətdəki bütün iri müəssisələr xarici sərmayəçilərə satılıb. Ölkədə yoxsulluq və işsizlik ən yüksək səviyyədədir ki, bu da Ermənistanın sürətlə boşalmasına gətirib çıxarıb.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycan diplomatiyasının uğurlarından danışaraq nəzərə çatdırıb ki, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Xocalıda baş verən faciəli hadisəni ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi qiymətləndiriblər.
Azərbaycan Prezidentinin diplomatik siyasətinin nəticəsində Pakistan, Meksika, Rumıniya, Çex Respublikası, Bosniya-Herseqovina, İordaniya dövlətlərinin parlamentləri və ABŞ-ın 16 ştatının qanunverici orqanı Xocalı faciəsinin soyqırımı kimi tanınması haqqında qərar qəbul ediblər.
Çıxış edən digər natiqlər də Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılacaq addımlardan danışıblar.
Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB