YAP GB şəhid ailələrini ziyarət edib

YAP GB şəhid ailələrini ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə bağlı şəhid ailələrinə və Qanlı faciə zamanı əlil olmuş insanlara baş çəkib. SİA-nın məlumatına görə, Bakının rayonlarını əhatə edən aksiya zamanı əlillərə və şəhid ailələrinə yardımlar edilib.

Əvvəlcə YAP GB-nın üzvləri Nəsimi rayonu, 20 yanvar küçəsi ev 9, mənzil 31-də qalan II qrup 20 Yanvar əlili Tofiq Allahverdiyevin evində olublar.

Tofiq Allahverdiyev ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək deyib ki, dövlətimiz hər zaman şəhid ailələrinə, əlillərə, kimsəsiz insanlara qayğı göstərir: "Mən bütün YAP gənclərinə, o cümlədən hakim partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənovaya, partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Dövlət başçımız həmişə yaşlı insanlara, imkansızlara kömək edir. Onun məqsədi budur ki, hamı yaxşı yaşasın, problemlə qarşılaşmasın. Biz onun gördüyü işlər nəticəsində sosial cəhətdən çox yaxşı təmin olunmuşuq. Əgər mən bu gün bu diqqəti həm dövlətimiz, həm də YAP GB tərəfindən görürəmsə, həqiqətən də yaşamağa dəyər".

Düz 24 il bundan öncə erməni quldur dəstələri və Sovet imperiyası tərəfindən törədilən 20 Yanvar hadisələrindən də danışan T.Allahverdiyev bildirib ki, həmin anlar artıq Azərbaycan tarixinə qırmız hərflərlə yazılıb: "Həmin anlar bir anlıq gözlərimin önündən keçəndə çox kövrəlirəm. Ümummilli lider Heydər Əliyev hələ o zaman demişdi ki, "Azərbaycanın azadlığı, müstəqilliyi, demokratik bir ölkə olması 20 Yanvar şəhidlərinin və əlillərin qanı bahasına yazıldı. Onlar Azərbaycanın ilk qaranquşlarıdır". Bu gün biz sevinirik ki, ölkəmiz inkişaf edir, Azərbaycan gəncliyi uğurlara nailiyyətlərə imza atır. Halbuki 24 il bundan öncə ölkə gəncliyindən söhbət belə gedə bilməzdi. Bu gün dövlətimizdə savadlı gənclərimizə meydan açıqdır".

YAP Gənclər Birliyinin üzvləri daha sonra Nəsimi rayonu, Moskovski prospekti 6, mənzil 21-də yaşayan 20 Yanvar hadisələri zamanı şəhid olmuş Saleh Poladinin anası Gülbahar Poladinin evinə də baş çəkib.

Şəhid anası deyib ki, həmin hadisələr zamanı Saleh Poladi düz 3 ay idi ki, hərbi xidmətdən təzə gəlmişdi: "20 Yanvar hadisələri zamanı Qorbaçov başda olmaqla, erməni daşnakları və Sovet imperiyası tanklar vasitəsilə üç tərəfdən bizi mühasirəyə aldılar. İnsanlar heç cürə inanmırdı ki, onlara atəş açıla bilərdi. Ən böyük tanklar paytaxt Bakıya Biləcəri istiqamətindən yeridildi. Həmin günlər çox dəhşətli idi.

Aksiyanın davamı olaraq YAP Gənclər Birliyinin üzvləri daha sonra hakim partiyanın Yasamal rayon təşkilatı ilə birlikdə iki şəhid ailəsi ilə görüşüb onlara ərzaq yardımı veriblər.

İlk olaraq, İnşaatçılar prospektində yaşayan şəhid Azər Ələkbərov ailəsinə baş çəkildi. Şəhid anası Sürəyya Ələkbərova Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğıdan razılığını dilə gətirərək, həmin hadisələrlə bağlı xatirələrini bölüşdü.

Daha sonra şəhid ailəsi ilə görüşündə YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, şəhid ailələrinə yüksək diqqət və qayğı hər zaman ölkəmizin önəm verdiyi məsələlərdəndir: "Bu gün bir çox şəhid ailələrinə baş çəkib, onları yad edəcəyik. Vətən uğrunda canından keçən insanlara daim qayğı göstərilir. YAP GB da hər zaman bu işdə öz öhdəsinə düşəni əsirgəmir. Biz hər bir şəhid ailəsini öz yaxınlarımız kimi qəbul edirik. Şəhidlərimiz biz azərbaycanlıların hər zaman qürur mənbəyi olub. Çünki onlar dövlətimizin müstəqilliyinin əsas carçıları olublar. Onu da xüsusi qeyd edim ki, gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

Sonra hakim partiyanın GB üzvləri Mətbuat prospekti 33 ünvanında yerləşən şəhid ailəsi Bacışirin nənənin evində olublar. Bacışirin nənə qeyd edib ki, o, 20 Yanvar faciəsində həyat yoldaşını itirib. Bacışirin nənə hazırda öz evində tənha yaşayır. Yoldaşının ölümündən sonra 2 övladını da itirən ananın acısını təsəvvür etmək elə də çətin deyil. Hətta öz ailəsi ilə bağlı kədərli xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilmədi.

Yaşlı qadın da öz növbəsində Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət qayğıdan məmnunluğunu ifadə edərək deyib ki, ölkə başçısı tezliklə Dağlıq Qarabağı erməni qəsbkarlarından azad edəcək.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev isə 20 Yanvar faciəsinin tarixinə qısa nəzər salaraq vurğulayıb ki, həmin gün Azərbaycan tarixinə qara hərflərə yazılıb: "Şəhid ailələrinə yardım üçün Yasamal rayonunun seçilməsi təsadüfi deyil. Belə ki, həmin gün cərəyan edən hadisələr məhz bu ərazidə baş verib. Burada 200-ə yaxın şəhid ailəsi yaşayır. İmkanımız çatdıqca hər zaman şəhid ailələrinə yardım etməyi özümüzə borc bilirik".

Qeyd edək ki, YAP GB bu kimi aksiyaları bundan sonra mütəmadi olaraq həyata keçirməyi planlaşdırır.

Ceyhun Rasimoğlu, Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə