Prezident İlham Əliyev: “Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik”
"Bizim NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb". Bunu Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında deyib.
Prezident İlham Əliyev deyib ki, əməkdaşlığa dair bir çox məsələlər ətrafında müzakirələr davam etdirilib: "Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.
Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir. Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk.
Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.
Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq.
Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.
Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB