""SƏS" qəzeti Azərbaycan mətbuatında öz yeri və xüsusi nüfuzu olan mətbu orqandır. Qəzet Azərbaycanın müstəqilliyini əldə edən zaman ölkəmizin əsl müstəqilliyini istəyən, demokratikliyini, hüquqi dövlət quruculuğunu əsas məqsəd kimi götürən, milli maraqları hər şeydən üstün tutan geniş oxucu təbəqəsinin tribunası olub". Bu fikirləri "SƏS" qəzetinin 23 yaşının tamam olması münasibəti ilə təbrik edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili vurğulayıb ki, "Əlincə Xeyriyyə Cəmiyyəti"nin orqanı kimi fəaliyyətə başlayan "SƏS" qəzeti qısa zaman kəsiyində milyonlarla insanın azad sözü və həqiqəti öyrəndiyi mətbuat orqanına çevrilə bilib: "Qəzet Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin, fikirlərinin, ideyalarının hərtərəfli şəkildə cəmiyyətə tanıdılmasında mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının yaradılmasında, məşhur "91-lər"in müraciətinin və Ulu Öndər Heydər Əliyevin cavabının da "SƏS" qəzetində dərc olunması onun nüfuzunu daha da artırıb".
A.Mirzəzadənin sözlərinə görə Azərbaycanın müstəqilliyinin Ulu Öndər Heydər Əliyev dönəmindən başlayaraq "SƏS" qəzeti həqiqi dövlət quruculuğunun təbliğatçısına çevrilib: "Qəzetin səhifələrində hər zaman görkəmli ziyalıların, tanınmış insanların müstəqilliklə bağlı fikirləri dərc edilib. "SƏS" qəzeti hər zaman cəmiyyət üçün aktual olan məsələləri işıqlandırıb və Azərbaycanın inkişafına mane olan problemlərin ifşa edilməsində mühüm rol oynayıb".
Millət vəkili bildirib ki, 23 il ərzində "SƏS" qəzeti Azərbaycanın tanınan və həmişə həqiqət axtarılan mətbuat orqanına çevrilib: "Təsadüfi deyil ki, bu gün "SƏS" qəzeti yalnız Azərbaycanın deyil, ölkədən kənarda olan bir sıra siyasi dairələrin ilk informasiyanın aldığı mənbəyə çevrilib. Həmçinin, "SƏS" qəzetinin bazasında "Səs İnformasiya Agentliyi" (SİA), "Səs Televiziyası"nın (SƏS TV), Siasport.az idman portalının yaradılması qəzetin nüfuzunun artmasında daha böyük rol oynayıb. Bu gün "SƏS" qəzeti milyonların qəzetidir. "SƏS" qəzetini həm ağsaqqal, həm gənc, həm ziyalı, həm sıravi iş adamı, həm Azərbaycan vətəndaşı, həm də xaricdə yaşayan insanlar oxuyur. Hesab edirəm ki, "SƏS" qəzeti həqiqətən də milyonların səsinə çevrilə bilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB