Braziliya Deputatlar Palatasının kommunikasiya və nəqliyyat komitəsi Azərbaycana təşəkkürün bildirildiyi müraciət qəbul edib
Braziliya Deputatlar Palatasının kommunikasiya və nəqliyyat komitəsi Azərbaycan tərəfindən "Embraer" təyyarələrinin alınması münasibətilə ölkəmizə təşəkkürün bildirildiyi müraciət qəbul etmişdir. Müraciətdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərin artırılmasına dair çağırış səsləndirilib.
Azərbaycan Hökumətinə ünvanlanmış bu müraciət kommunikasiya və nəqliyyat komitəsinin sədri Rodriqo Mayanın dekabrın 11-də irəli sürdüyü təklif əsasında qəbul olunub.
Müraciətdə "Azərbaycan Hava Yolları - AZAL" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Embraer" təyyarələrinin alınması Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən hadisə kimi qiymətləndirilib və buna görə Azərbaycan Prezidentinə təşəkkür bildirilib.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar deyilir: "Biz ATƏT-in Minsk qrupunu, Ermənistanı və Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət edilməsi əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə səylərin artırılmasına çağırırıq".
Azərbaycanın yürütdüyü fəal xarici siyasət nəticəsində Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi son dövrlərdə dünya ölkələrinin parlamentlərinin gündəliyinə çıxarılıb. Bu xüsusda ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü pislənilib, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət soyqırımı kimi tanınıb və Dağlıq Qarabağ münaqişəsinin məhz ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağıran bəyanatlar verilib. Bu sırada Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya parlamentlərini, eləcə də Texas, Nyu-Meksika, Arkansas, Oklahoma, Pensilvaniya, Konnektikut, Qərbi Virciniya, Nyu-Cersi, Tennessi də daxil olmaqla ABŞ-ın 20-yə yaxın ştatının yerli qanunverici orqanlarını qeyd etmək olar.
İslam Əməkdaşlıq Təşkilatının bu il fevralın 6-7-də Misirin paytaxtında keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində quruma üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı aktları insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Bu soyqırımı aktlarının milli və beynəlxalq səviyyələrdə tanınması üçün səylərin artırılmasına dair çağırışlar edilib.
Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul olunan qətnamədə "Xocalıya ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanıb və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB