Rəsmiyyə Abdullayeva: "Dağlıq Qarabağ problemi bütün türksoylu xalqları narahat edir"

Rəsmiyyə Abdullayeva: "Dağlıq Qarabağ problemi bütün türksoylu xalqları narahat edir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın SƏS TV-yə müsahibəsi:

- Rəsmiyyə xanım, sizcə Türk dünyasında dostluq və qardaşlıq münasibətləri hansı səviyyədədir?

- Mən öncə qeyd etmək istərdim ki, Türk dünyası təkcə 6 müstəqil türk dövlətlərindən ibarət deyil. Buraya eyni zamanda, bir sıra azsaylı türk xalqları, o cümlədən, Şimali Kipr Türk Cümhuriyyəti də daxildir. Sevindirici haldır ki, son dövrlərdə türkdilli xalqlar arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişlənərək inkişaf etməkdədir. Doğrudur, bütün türkdilli xalqlar və dövlətlər arasında bu münasibətlər eyni səviyyədə inkişaf etmir. Lakin son illərin təcrübəsindən də aydın olur ki, bu əlaqələr zaman keçdikcə daha da sıxlaşır. Buna bariz nümunə olaraq, son illərdə türk dövlətləri arasında yaranan bir sıra təşkilatları misal göstərmək olar. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu kimi zəruri təşkilatlardan biridir. Bildiyiniz kimi, sözügedən Şuranın 2009-cu ildə Naxçıvanda, Türkdilli Dövlətlərin Zirvə görüşü zamanı təməli qoyulub. Bundan əlavə Türkdilli Dövlətlərin Parlament Asambleyasının yaranması və çox sayda qeyri-hökumət təşkilatlarının fəaliyyəti sıx əməkdaşlığın mövcudluğundan xəbər verir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi türkdilli dövlətlər bu canlı şahidi olduğumuz inteqrasiya prosesində yaxından iştirak etmirlər. Güman edirəm ki, gələcək də onlarda bu inteqrasiya prosesindən kənarda qalmaqdan imtina edərək, bizə qoşulacaqlar. Çünki biz eyni dilə, eyni soy-kökə sahib dövlətlərik.

- Əfsuslar olsun ki, Türk dünyasında başlıca problemlər də mövcuddur. Buna misal olaraq, Dağlıq Qarabağ problemini. Sizcə, türk dövlətləri bu kimi məsələdə bir-birilərinə yetərincə dəstək ola bilirmi?

- Mən tamamı ilə dəstək olduqları qənaətinə gələ bilmərəm. Lakin onlar bu istiqamətdə çalışır və müəyyən cəhdlər edirlər. Məsələn, mən Türkiyə vətəndaşının Dağlıq Qarabağ problemini öz problemi kimi qəbul etdiyini və bunun onu həqiqətən ciddi şəkildə narahat etməsinin şahidi olmuşam. Yaxud da, Türkiyədə mövcud olan bəzi məsələlər hər zaman biz azərbaycanlıları narahat etməkdədir. Müşahidə etdiyimiz hal məhz, bu şəkildə davam etməlidir. Çünki hər bir Türk soyunu daşıyan şəxs Türk dünyasında mövcud olan hər hansısa bir problemi özününkü kimi qəbul etməyi bacarmalıdır. Bizi Dağlıq Qarabağ problemi ilə yanaşı eyni zamanda, İraqda, yaşayan Türkmən qardaşlarımızın problemləri o cümlədən, digər qardaşlarımızla bağlı məsələlər də narahat etməlidir. Hər bir türk soyunu daşıyan şəxs bu kimi problemlərin həlli istiqamətində addımlar atmalı, müəyyən cəhdlər göstərməlidir.

- Sonuncu sualımız ölkəmizdə keçiriləcək forumla bağlı olacaq. Belə ki, ölkəmizdə TürkDilli Dövlətlərin İqtisadçı Alimlərinin Bakı Forumunun keçirilməsi nəzərdə tutulub. Sözügedən forumla bağlı nə deyə bilərsiniz?

- Öncə qeyd etmək istərdim ki, bu təşəbbüsün irəli sürülməsi məhz, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə bağlıdır. Biz bu ideyanın həyata keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qarşısında çıxış etdik. Çox sağ olsunlar ki, rəhbərlik bizim bu təklifimizə olduqca müsbət yanaşdı. 2014-cü ildə bu forumun keçirilməsi qərarlaşdırılıb.

Forumun keçirilməsində məqsəd türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsidir. Orada türkdilli ölkələrin bu sahədə fəaliyyət göstərən elm xadimləri bir araya gələcəklər. Tədbir zamanı iqtisadi problemlər, onların həlli yolları müzakirə ediləcək.

Düşünürəm ki, forumun keçirilməsi türkdilli dövlətlərin iqtisadi inkişafına böyük töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə