Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir həyata keçirib. SİA-nın məlumatına görə, tədbir Qars şəhərinin Ərzurum küçəsində yerləşən Heydər Əliyevin abidəsi önündə çələng və gül dəstələrinin qoyulması mərasimi ilə başlayıb.
Sonra Heydər Əliyevin anma mərasimi Baş Konsulluğun konfrans salonunda davam etdirilib, mərasimin əvvəlində Ulu Öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.
Mərasimdə Qars valisi Eyyup Təpə, Qars şəhər bələdiyyə sədrinin vəkili (bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra edən) Orxan Özyılmaz, Qafqaz Universitetinin rektoru Sami Özcan, Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət üzrə rəhbəri Ensar Erdoğdu, Qars şəhər Əmniyyət (Daxili İşlər İdarəsi) müdirinin müavini Hayri Özcan, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə təmsilçiliyinin sosial layihələr üzrə administratoru Rizvan Əliyev, Ardahan Universitetinin rektor müavini Orxan Söylemez, Qars və Ardahan universitetlərinin professor-müəllim heyəti, həmin təhsil ocaqlarında təhsil alan azərbaycanlı və türk tələbələri, qeyri-hökumət təşkilatları, KİV-ri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş konsul A.Süleymanov qonaqları salamlayaraq, mərasimdə iştirak etdikləri və Ümumilli Liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə hər kəsə öz dərin təşəkkürünü bildirib. Baş konsul dahi insanın Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər arasında çox mühüm yer tutduğunu bildirərək, onun Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi böyük xidmətlər haqqında söz açıb. Baş Konsul həmçinin Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyevin Azərbaycan xalqının etimadını qazanaraq, iki dəfə ölkə başçısı seçildiyini bildirib.
Sonra söz Qars bələdiyyə rəhbərinin vəkili (bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra edən) O.Özyılmaza verilib. O.Özyılmaz çıxışı zamanı Heydər Əliyevin Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidenti olduğu dövrdə Türkiyəni dəfələrlə ziyarət etdiyini, bir çox əhəmiyyətli layihələrini Türkiyə ilə bağladığını və bu layihələrin yaradıcısı olduğunu ifadə edib.
Tədbirdə çıxış edən N.Nəsibova Azərbaycanın hər bir vətəndaşının ölkəmizdə rahat şəkildə yaşadığını və bütün bunları Ümumilli Lider Heydər Əliyevə borclu olduğunu bildirib.
N.Nəsibova həmçinin Türkiyə ilə Azərbaycan ararsında bütün sahələrin inkişaf etdirilməsində Heydər Əliyevin böyük rolundan söz açıb.
Çıxışlardan sonra bu ilin noyabr ayının 1-dən 30-na qədər Respublikamızın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə attaşesi N.Nəsibova və Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğun dəstəyi ilə Qars şəhər Qafqaz və Ardahan şəhər Universitetləri üzrə təşkil olunmuş "Heydər Əliyev və Türkiyə" mövzusunda keçirilən inşa müsabiqəsinin nəticələri açıqlanıb. Qaliblərə pul mükafatları verilib.
Tədbirin sonunda qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən jurnal və kitablar ilə tanış olub, "Dahi şəxsiyyət-Heydər Əliyev" adlı sənədli film nümayiş etdirilib və Ulu Öndərimizin əziz ruhuna ehsan verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə